"Dəli həkimi", "sehrli dəyənək", yoxsa ruha dinclik verən şəxs?


Digərləri 06 Avq 2018 23:03:00 340 0

"Dəli həkimi", "sehrli dəyənək", yoxsa ruha dinclik verən şəxs?

Və ya insan üçün güzgü rolunu oynayan psixoloqa birmənalı olmayan münasibət 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu yaxınlarda sosial şəbəkədə psixologiya və psixoloqla bağlı gedən bir müzakirənin şahidi oldum. Maraqlısı budur ki, bu iki anlayışa olan münasibət birmənalı deyil. Bir qisim insan, hər hansı bir problem varsa, psixoloqa müraciət etməyin, müəyyən seanslardan keçməyin vacib olduğunu deyir, digər bir qisim isə psixoloqu "dəli həkimi" saydığını, daxilən yaşadığı sıxıntıları özü həll etməyə çalışdığını bildirdi. Uzun müddət bu mövzu ətrafında gedən söhbəti izlədikdən sonra belə bir qənaətə gəldim ki, cəmiyyətdə böyük bir əksəriyyət "psixoloq" peşəsinin mahiyyətinin tam fərqini varmayıb. Yəni əslində bu peşə sahibinin nə etdiyini, insanlara hansı faydasının olduğunu bilmədən, mühakimə edirlər.   Bəli, bu, əslində çox təəssüfləndirici haldır. Psixologiya və psixoloqa olan hazırkı münasibət ölkəmizdə bu sahənin inkişafına ciddi təsir göstərir. Elm və peşə kimi uzun müddətdir yaranmasına baxmayaraq, yetərli inkişaf səviyyəsinə çatmayıb. Paytaxt sakinlərində az da olsa, bu sahə haqqında məlumat var, amma regionlarda yaşayanlar demək olar, tamam xəbərsizdirlər. Mövzu ilə bağlı ilk olaraq kiçik bir araşdırma edib, insanların psixoloqa nə üçün getmədiklərini öyrənməyə çalışdıq. Araşdırmadan belə məlum oldu ki, ən əsas səbəb güvən və maddiyat problemidir. Yəni insanlar yad birinə güvənib onunla dərdini, problemini paylaşmağı birmənalı qarşılamır. Digər tərəfdən isə psixoloqların konsultasiya qiymətlərinin yüksək olduğundan, ona müraciət etmirlər. Psixoloq və psixologiyadan danışırıqsa, bu sahənin mütəxəssislərinin fikrini öyrənmək mütləq vacibdir.

"Gənc Psixoloqlar" İctimai Birliyinin baş katibi Rövşən Uğur deyir ki, istənilən cəmiyyətdə sosial münaqişələr, problemlər yaşanır. Dünyanın bir çox ölkələrində insanlar bu kimi məqamlarda psixoloqa müraciət edərək problemlərin həll yolunu tapır. Amma bizdə isə bu, bir az fərqlidir: "Bizim cəmiyyətdə daxilən sıxıntısı olan, nə isə bir problem yaşayan insan bunu ən yaxın adamı ilə bölüşərək həll yolu axtarır. Lakin bu, düzgün deyil. Çünki həmsöhbət olduğumuz insan da məsələyə adekvat deyil, emosional tərəfdən yanaşaraq bizi səhv yönəldə bilər. İstənilən halda, emosional hisslər ön plana keçir. Amma psixoloqda belə deyil. İşini bilən professional psixoloq ona müraciət edən şəxsə emosiyalardan uzaq, düzgün çıxış yolunu göstərir".   Həmsöhbətimiz psixoloqa getməyin bir mədəniyyət forması olduğunu bildirdi: "Xarici ölkələrdə insanlar buna çox normal yanaşır. Nə isə problemi, dərdi olanda dərhal psixoloqa müraciət edərək yardım alırlar. Bu, onlar üçün artıq bir mədəniyyət formasını alıb. Bizdə isə ilk ağıla gələn "dosta zəng" metodudur. Dostla, bacı-qardaşla danışmaqla problemlərin həlli yolunu tapmaq mümkün deyil. Həll yolu tapılsa belə, bu, qısamüddətli olur. Çünki onlar məsələnin kökünü, səbəbini araşdırmır, sadəcə, sizə keçici məsləhətlər verirlər. Bunu sadə dildə izah etsəm, deyə bilərəm ki, ürəyiniz ağrıyanda kardioloqa, dişiniz ağrıyanda stomatoloqa müraciət edirsinizsə, ruhunuzda, beyninizdə sizi narahat edən bir problem olan zaman isə psixoloqa getməlisiniz. Yəni psixoloqa getmək özü bir mədəniyyətdir".


Xəbərə aid fotolar