“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri olub (FOTO)


Digərləri 06 Avq 2018 14:13:00 270 0

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri olub (FOTO)

Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır.

Bakı. Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı avqustun 4-də Sumqayıt şəhəri olub. Şəhər sakinlərinin və qonaqların böyük coşqu ilə qarşıladığı festival maraqlı anlarla yadda qalıb. Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar. Bulvar ərazisində regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib. Qonaqlar əvvəlcə 15 regional mədəniyyət idarəsinin təşkil etdiyi sərgi ilə tanış olublar. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaradıb. Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.