Nazirlik: Əkin yerlərini yandıranlar 6 min manata qədər cərimə olunacaq


Digərləri 06 Avq 2018 11:12:00 257 0

Nazirlik: Əkin yerlərini yandıranlar 6 min manata qədər cərimə olunacaq

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai fermerlərə biçindən sonra kövşənliyi yandırmaq əvəzinə alternativ üsullar təklif edir

Bakı. Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları bitki qalıqları haqqında “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdir. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib. Direktor bildirib ki, taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır: "Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır". C.Təlainin sözlərinə görə, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür: "Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir".