İrəvan Moskvanı çox qəzəbləndirib:


Dünya 02 Avq 2018 13:33:42 230 0

İrəvan Moskvanı çox qəzəbləndirib:

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin sabiq hakimiyyət mənsublarını təqib etməyə başlaması İrəvanla Moskva arasındakı münasibətləri xeyli sərinləşdirib. Durum belə davam edərsə, Rusiya ilə Ermənistan arasındakı əlaqələr, ümumiyyətlə, "buzlaq dövrü"nə keçə bilər.

Rusiyanın nüfuzlu "Kommersant" qəzeti "Ermənistan kollektivdən ayrılır" başlıqlı yazısını da bu situasiyaya həsr edib. Qəzetin yazdığına görə, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni general Yuri Xaçaturovun məsuliyyətə cəlb olunması Moskvanın səbr kasasını daşdırıb. Moskva hesab edir ki, Nikol Paşinyanın bu qərarı KTMT-nin imicinə zərbədir və təşkilata başqa ölkənin təmsilçisi başçılıq edə bilər.

Üstəlik, Ermənistana 100 milyon dollar məbləğində silah və hərbi texnika satışı artıq razılaşdırılsa da, indi anlaşmanı Moskva ləğv edə bilər.

Rusiyanın XİN başçısı Sergey Larov Ermənistanın ünvanına çox sərt tənqidlə çıxış edib. "Son günlərin hadisələri Ermənistanın yeni rəhbərliyinin sələflərinin siyasi motivlər əsasında təqiblərini təşkil etmək niyyətində olmaması barədə vədləri ilə daban-dabana ziddir. Ermənistanda baş verənlər bizi narahat etməyə bilməz - o cümlədən MDB məkanında təşkilatların normal fəaliyyəti ilə bağlı. Rusiya Federasiyasının rəhbərliyi narahatlığını son günlər Ermənistan rəhbərliyinin nəzərinə dəfələrlə çatdırıb", - Lavrov Ermənistana ilk dəfə belə sərt xəbərdarlıq ünvanlayıb.

Ermənistan XİN-i bu ultimatuma dərhal cavab verərək Rusiya ilə "əlaqələrin sürətli, genişmiqyaslı inkişafında maraqlı olduğunu" vurğulayıb, amma onu da qeyd edib ki, "Ermənistanda hüquq dövlətinin qurulması və müstəqil məhkəmələrin formalaşması, korrupsya ilə mübarizə kimi hökumətin daxili siyasi prioritetləri olan məsələlərə beynəlxalq reaksiyaları diqqətlə izləyir".

İrəvanın Lavrova cavabının məzmunu çox sadədir: "Rusiyadan çəkinirik, onu anlayırıq və münasibətləri pozmaq istəmirik, amma Rusiya bizim işimizə qarışmamalıdır, çünki Ermənistandakı vəziyyəti Qərb də izləyir".

Yəni Nikol Paşinyan ilk dəfə Ermənistanı hədələyən Sergey Lavrova kobud dillə desək, "gedin, işinizlə məşğul olun" deyib.

Moskvanı qıcıqlandıran məsələ 2008-ci ilin martında İrəvandakı etiraz aksiyalarının dağıdılması məsələsinin araşdırılması çərçivəsində ölkənin sabiq hakimiyyət mənsublarına qarşı olan məhkəmə təqibləri, cinayət işlərinin açılmasıdır. Xatırladaq ki, 2010-cu ildə Nikol Paşinyanın özü iğtişaşlar təşkil etməkdə suçlanaraq həbs edilmişdi.

İndisə o, aksiyanı dağıtmaq əmrini verənləri, barrikadanın o biri tərəfində olanların məsuliyyətə cəlb olunmasını tələb edir. Həmin şəxslər Ermənistanın sabiq prezidenti Robert Köçəryan və KTMT-nin baş katibi, o dönəmdə İrəvan qarnizonunun komandiri Yuri Xaçaturovdur.

Onlar "dövlət hakimiyyətini qəsb etmək"də suçlanırlar.