Bakı üçün əhəmiyyətli yolun inşası nə yerdədir? FOTO


Digərləri 02 Avq 2018 13:25:00 291 0

Bakı üçün əhəmiyyətli yolun inşası nə yerdədir?  FOTO

Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.

AAYDA-dan Son.az-a verilən məlumata görə, sözügedən yol Böyük Şor gölünün üzərindən inşa edilir. Belə ki, 2,7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədi ilə çəkilən 1570 m uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol  4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hər bir zolağın eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni 15 m təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub.

İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.

Hazırda əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri bitmək üzrədir, yararsız qrunt təqribən 160 min kub.m həcmdə qazılaraq çıxarılıb. Bundan başqa yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23,5 m enində, təqribən 58 min kub.m həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb.

Hazırda yol boyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılır ki, bu çərçivədə də işlər bitmək üzrədir.

Yol boyu istiqamətləri ayırmaq məqsədi ilə 1 metr enində və 2727 m uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 m olacaq. Bu məqsədlə əsas yol boyu dənəvər tərkibli əsasla 475 kv,m sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8480 kv.m sahədə isə çiyinlərin tikintisi aparılacaq. Layihə çərçivəsində əsas yol boyu ayrıcı zolaq və səkilərin kənarlarına 8200 paqon-metr səki daşı düzüləcək, 16 ədəd yol nişanı və 3400 p/m metal sədd çəpərləri quraşdırılacaq, qrunt sularını axıdılması üçün isə 1372 m uzunluğunda, 300 mm diametrində drenaj borular çəkiləcək.

Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət tunellərin inşası da aparılır.  Tunellərin uzunluqları müvafiq olaraq 416,4 m (qapalı hissə 67,4 m) və 299 m (qapalı hissə 22,5 m) təşkil edir. Tunellərin hərəkət hissəsinin eni isə 29,5 m-dir. Tinellərin qapalı hissəsinin konstruksiyası düzbucaqlı qutu tiplidir. Bura döşəmə, divar və örtüyün konstruksiyası daxildir.

Tunellərin inşası məqsədi ilə monolit dəmir-beton svayların vurulması işləri görülüb. Ümumilikdə hər iki tunel üçün uzunluğu 22 800 m olan 1000 mm diametrli svaylar vurulub. Bundan başqa tunellərin inşası zamanı monolit dəmir-betonla istinad divarlarının və döşəmənin inşası, həmçinin tunellərin müxtəlif diametrli su və neft borularının altına düşən hissəsində monolit dəmir-beton divarların quraşdırılması işləri aparılıb, tunelin konstruksiyası ruberoid və bitumla izolyasiya olunub, divar, sütun və tavan üzlük materiallarla üzlənib.