Kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı aşkarlanıb


Digərləri 02 Avq 2018 12:16:00 283 0

Kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı aşkarlanıb

Kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır. Komitədən Trend-ə verilən məlumata görə, son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib. Ümumilikdə isə, respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub, bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir. Qeyd edilməlidir ki, belə hallar paytaxtın Xətai rayonunda yerləşən ərazisində qeydə alınıb. Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” qanunun müvafiq maddələrinin tələblərini pozur. Yerquruluşu işləri aparılmadan və müvafiq rəy alınmadan tikinti qərarları qəbul edilir.