Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutları yaradıla bilər


Digərləri 02 Avq 2018 07:53:00 235 0

Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutları yaradıla bilər

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək.

Bunu Trend-ə özəl müsahibəsində Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.

Onun sözlərinə görə, söhbət "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyan layihələrdən gedərkən, Rumıniya və Azərbaycan ümumi maraqları bölüşür.

D.Yanku qeyd edib ki, BTQ dəmir yolu təkcə Azərbaycan üçün yox, həm də region üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Səfir bildirib ki, bu, "Şərq-Qərb" dəhlizinin vacib hissəsidir və regional əlaqələrin möhkəmlənməsinə vacib töhfə verəcək:

"BTQ Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək ki, bu həm də Rumıniya üçün aktualdır. Bu regionlar arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə Rumıniya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin hazırlanmasını təklif edib. Bu layihə "Şərq-Qərb" dəhlizinin Qara dənizdən keçməklə genişləndirilməsini nəzərdə tutur".

BTQ irimiqyaslı dəmiryol layihəsinin reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini vəd edir.