700 bal toplayan gənc: "Bu nəticəni əldə etmək üçün..." FOTO


Digərləri 01 Avq 2018 23:15:00 352 0

700 bal toplayan gənc: "Bu nəticəni əldə etmək üçün..."  FOTO

Üçüncü ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Əzim Əzizlidir. Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbin məzunu olan Əzim imtahanda bütün suallara doğru cavab yazmaqla, 700 bal toplayıb. Onun bu uğuru nəinki ailəsində, eləcə də təhsil aldığı məktəbdə, Ağcabədi rayonunda böyük sevinclə qarşılanıb.

Son.az xəbər verir ki, Əzim Əzizli AZƏRTAC-a bildirib ki, qəbul imtahanlarına hazırlaşan zaman ən yüksək nəticə göstərməyi qarşıya məqsəd qoyub: "Bu nəticəni əldə etmək üçün çox çalışmışam. İnanırdım ki, 700 bal toplayacam. İmtahanlara hazırlaşan müddətdə mobil telefondan, kompüterdən, sosial şəbəkələrdən maksimum az istifadə etdim. Bu nəticəni göstərməyimdə müəllimlərimin də əməyi böyükdür. Valideynlərim isə hər zaman məni dəstəkləyib".

Bu günədək qarşıya qoyduğu ən böyük hədəfə nail olan Əzim Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq istəyir. O, bununla atasının yolunu davam etdirmək arzusundadır. İxtisasca hüquqşünas olan Əzimin atası Sevindik Əzizovun sevinci isə yerə-göyə sığmır. "Dövlətimizə minnətdaram ki, gənclərin təhsil almaları üçün hər cür şərait yaradılıb. Abituriyentlər şəffaf şəkildə imtahan verir və qabiliyyətinə, biliyinə görə nəticə əldə edirlər. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar", - deyə o bildirib.


Xəbərə aid fotolar