Namazın sözlərini ucadan və astadan söyləməyin ölçüsü nədir?


Digərləri 31 İyl 2018 22:15:00 330 0

Namazın sözlərini ucadan və astadan söyləməyin ölçüsü nədir?

Şəriətə görə, kişilər sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Fatihə surəsini və ondan sonrakı surəni ucadan (cəhr ilə) oxumalıdırlar. Zöhr və əsr namazlarının birinci və ikinci rükətlərindəki Fatihəni və sonrakı surəni, məğrib namazının üçüncü rükətində, zöhr, əsr və işa namazlarının üçüncü və dördüncü rükətlərində təsbihati-ərbəəni (və ya Fatihəni) isə kişilər gərək astadan (ixfa ilə) oxusunlar. Qadınlar ya bu qaydaya riayət edə, ya da bütün namazların qiraətini astadan oxuya bilərlər. Amma əgər qadının səsini naməhrəm eşidirsə, astadan oxumalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, ixfanın (surələri asta oxumağın) ölçüsü pıçıltıya uyğundur. Namaz qılan şəxs öz pıçıltısını eşitsə, kifayətdir. Amma sözləri tələffüz etmədən, necə deyərlər, ürəkdə oxumaq düzgün deyil. Cəhrlə (surələri ucadan oxumaqla) namaz qılanın isə səsini yanında durmuş şəxs eşitsə, kifayət edər. Bu zaman hətta onun sözlərinin mənasını anlaması tələb edilmir, sadəcə, səsi eşidilsə kifayətdir. Cəhr və ixfanın ölçüsü sakit mühitə əsasən təyin edilir. Yəni sakit yerdə namaz qılan şəxs səsini necə tənzimləməlidirsə, səs-küylü mühitdə də buna uyğun davranmalıdır. Cəhr adı ilə səsi çox yüksəltmək və qışqırmaq düzgün deyil, hətta bu, namazı batil edər.