Biliyə adekvat olmayan təhsil haqqı


Digərləri 29 İyl 2018 22:53:00 457 0

Biliyə adekvat olmayan təhsil haqqı

Mütəxəssis deyir ki, əvvəlcə akkreditasiya aparılmalı, sonra qiymətlər tənzimlənməlidir 

"Hər kəs ali təhsil almalıdır" fikri mütləq həqiqət deyil. Amma bu fikir, ali təhsil almağın vacibliyini də kənara qoymur. Ali təhsilin hətta daha yaxşısını vermək və almaq uğrunda bütün dünyada mübarizə gedir. Elə Azərbaycanda da hər kəs yaxşı təhsil almaq istəyir. Amma hər kəsin ödənişsiz təhsil almaq imkanı yoxdur, ödənişli ali təhsildə isə qiymətlər "əl yandırır".

Düzdür, "ucuz ətin şorbası olmaz" deyirlər, amma bahalı ət almağa da hər kəsin imkanı çatmır. Mütəmadi olaraq universitetlərdə təhsil haqqında artım olduğu xəbərlərinə rast gəlirik. Bu il də Tibb Universitetinin qiymət artımı müzakirə mövzusu oldu. Bu cür xəbərlər müzakirə olunanda belə bir sual verilir: niyə? Bu artımın səbəbi nədir? Ümumiyyətlə, təhsil haqlarının məbləği necə müəyyənləşdirilməlidir?

Valideynlərin gəliri, universitetin tanınması...   Son.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev "Kaspi"yə açıqlamasında bildirdi ki, dünya təcrübəsində universitetlərdə təhsil haqqının artırılmasına ilk növbədə əhalinin gəlirlərinə əsasən edilir. Bizdə isə yanaşma bir az başqa cürdür: "Məsələn, Fransada ödənişli təhsil alan yerli vətəndaşların ilk növbədə valideynlərinin gəlirlərinin həmin təhsil haqqına nisbəti müəyyənləşdirilir. Ondan sonra ehtiyac olduqda, tələbələrə aşağı faizlə kreditlər də verilir. Bizdə isə universitetin tanınma səviyyəsinə görə bu artımı edirlər. Burda sual verilə bilər ki, dünyada çox tanınmış universitetlərdə təhsil haqqı çox aşağıdır, 200-2000 manat civarında dəyişir. Bir dostumun qızı Gülhanə Hərbi Tibb Akademiyasında təhsil alır. Akademiyaya sadəcə olaraq, 100 dollara yaxın qeydiyyat pulu keçirir. Bizdə isə universitetin tanınması onun qiymətlərini artırmasına gətirib çıxarır".    "Akkreditasiya prosesi aparılmamış, təhsil haqqını artırırlar"   Ekspertin sözlərinə görə, dünya təcrübəsində təhsilin keyfiyyəti də təhsil haqqının artırılmasında rol oynayır: "Təhsilin keyfiyyətini isə belə müəyyənləşdirmək olmur, bu, akkreditasiya prosesi nəticəsində ortaya çıxmalıdır. Azərbaycanda hazırda universitetlər demək olar ki akkreditasiyadan keçirilmir. Düzdür, akkreditasiya prosesi olur, amma o, köhnə prosesdir və onun tətbiqi mümkün deyil. Akkreditasiya prosesi nəticəsində təhsilin keyfiyyəti qiymətləndirilir, bunun əsasında da beynəlxalq səviyyədəki təhsillə müqayisə olunur. Bizdə akkreditasiya prosesi aparılmamış, təhsil haqqını artırırlar. Akkreditasiya həm də ictimailəşməlidir ki, abituriyentlər və valideynləri seçim edərkən bunları görsünlər. Təhsilin keyfiyyətində 1-2 ilin içərisində ciddi dəyişiklik yarana bilməz. Bu, mümkün deyil. Təhsilin keyfiyyətinin yaxşılaşması müəyyən korpusların, auditoriyaların təmiri demək deyil. Burada söhbət professor-müəllim heyətinin təminindən, proqramların yenilənməsindən, informasiya texnologiyaları təminatından, tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılmasından, əlavə güzəştlərin olmasından gedir. Bütün bunlar onu göstərir ki, keyfiyyətdə elə bir dəyişiklik baş vermir. Digər tərəfdən, əhalinin güzəranında da ciddi dəyişiklik yoxdur. Belə olan halda, təhsil haqlarının yüksəldilməsi absurddur. Bu, nizamlanmalıdır".


Xəbərə aid fotolar