“Rəis dedi ki, kimə istəyirsən şikayət elə"


Digərləri 29 İyl 2018 12:12:00 638 0

“Rəis dedi ki, kimə istəyirsən şikayət elə"

"Məni işdən çıxaranda bildridi ki, bu, müvəqqəti xarakter daşıyır sonra bərpa edəcəyik. Nə işdə bir qüsurum, nə də səhhətimdə bir problem olub. Lakin yenidən işə bərpa olunmaq üçün rəis məndən 13 min manat istədi".   Son.az bildirir ki, pressclub.az-a müraciət edən Qazax rayon, Qazaxbəyli kənd sakini Hüseyov Vəli Eyvaz oğlu uzun illər Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin rayon üzrə şöbəsində çalışıb. Ta ki 5 ay bundan öncə işdən azad olunmaqla bağlı verilənə qədər.

V.Hüseynov bildirir ki, 5 ay öncə onları yığıb şöbədə ixtisarların aparılacağını deyiblər. İxtisara düşməmək üçün işçilərdən 2500 manat tələb ediblər. O, vermədiyinə görə isə işdən xaric ediblər: "Qazax rayonun mühfizə polisi Tovuz Regional İdarəsinə daxildir. Məni işdən azad edən zaman idarə rəisi Seymur Sadıqov dedi ki, bu, müvəqqəti haldır, bir müddətdən sonra işimə bərpa olunacam. Hansı ki, işdən çıxarılmağım üçün nə səhhətimdə problem var idi, nə də xidmət zamanı hər hansı bir qüsurum olmayıb.

İşsiz qalmamağım üçün mükli mühafizəyə düzəldim. Lakin bu da çox çəkmədi, yenə işsiz qaldım".

Yenidən işə bərpa olunacağına ümid edən Vəli Hüseynov rəis Seymur Sadıqovun qəbuluna düşür. Lakin rəisdən gözləmədiyi cavablar eşidir. "Məndən işə bərpa olunmağım üçün 13 min manat pul istədi. Şikayət edəcəyimi desəm də, bildirdi ki, hara istəyirsən şikayət et, onsuz da, qazaxlıların şikayətlərinə baxmırlar. Məni qeyri-qanuni olaraq işdən çıxarıblar, səhhətimdə problem olduğumu bəhanə gətirirdilər. Əgər hər hansı problemim varsa, buyursunlar DİN-in hospitalında yoxlatsınlar. Lakin etmirlər, çünki bilirlər ki, sağlamlıq problemim yoxdur".

V.Hüeynov onu da bildirdi ki, Qazax rayonunda mühafizə polisində işləyən əməkdaşların məzuniyyət pulları rəisləri tərəfindən əllərindən alınır: "Məzuniyyət pulu gələndə mühafizə polisinin Qazax rayonu üzrə komandiri Elvin Əliyev pulun hamısını götürür. Bildirir ki, pul rəis Seymur Sadıqova çatır. 400 manat məzuniyyət pulunun hamısını götürürdü. Bəzən özü uşaqların kartını götürüb bankomatdan çıxarırdı. Bunu sübut etmək üçün bankomatın videoqeydiyyatını araşdırmaq kifayətdir".

Mühafizə polisinin Tovuz Regional İdarəsnin rəisi Seymur Sadıqov isə ittihamları qəbul etmir.