Bakıda yenə ağacları kəsdilər


Digərləri 28 İyl 2018 22:53:00 262 0

Bakıda yenə ağacları kəsdilər

Bakının Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 22 ünvanında daha bir yaşıllıq zonası məhv edilib. Ərazidə obyekt açan şəxslər günorta saatlarında əhalinin işdə olmasından istifadə edərək giriş-çıxışa mane olduğuna görə çoxillik əncir və şam ağaclarını kəsiblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, ərazidə daha bir çoxillik ağacı da o birilərinin aqibəti gözləyir.

"Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzillərdən biri bir neçə ay olar ki, tanımadığımız şəxsə satılıb. O da həmin mənzildən obyekt kimi istifadə etmək istəyir. Deyilənə görə, stomatoloji kabinet olacaq. Obyektin pəncərəsindən həyətə çıxış açırlar. 2 şam və 1 əncir ağacını kəsiblər - bu ağaclar görünür, onlara mane olurmuş. Beşmərtəbəli bina hündürlüyündə daha bir çoxillik ağacı da təhlükə gözləyir, çünki o da giriş-çıxışa mane olur. Amma onu kəsməyə hələ imkan tapmayıblar. Biz bu ağacları özümüz yetişdirmişik, suvarmışıq. Ən azı 40 il yaşları var. Kim onlara bu ağacları kəsməyə icazə verib?", - deyə bina sakini Orxan Əliyev bildirir.

Şikayətçinin sözlərinə görə, ağacları kəsənlər onların izlərini itirmək üçün köklərini də qazıyıb çıxarmağa çalışıblar. Amma bunun mümkün olmadığını gördükdə, köklərin üstünü torpaqlayıblar.

O. Əliyev deyir ki, bu ərazidə yaşıllıqların məhvi ilə bağlı ilk hadisə deyil. Burada bir neçə il əvvəl şəxsən Mehriban Əliyevanın tapşırığı ilə bir gecənin içində salınan parkın ərazisində də ağaclar kəsilib.

Sakinlər problemlə bağlı prezident İlham Əliyevin rəsmi internet səhifəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə müraciət ediblər.


Xəbərə aid fotolar