Rəhbər vəzifələrə qəbul imtahanı keçiriləcək


Digərləri 27 İyl 2018 10:59:00 259 0

Rəhbər vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 35 yer, AB vəzifə qrupu üzrə 306, AC vəzifə qrupu üzrə isə 821 yer vakantdır.

Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdiri, İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.