Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib


Digərləri 26 İyl 2018 21:41:00 301 0

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

İyulun 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, nazir ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqisinin təmin edildiyini vurğulayıb, 2018-ci ilin ölkəmiz üçün əlamətdar tarixi hadisələrlə zəngin olduğunu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, bu münasibətlə ədliyyə orqanlarında silsilə tədbirlərin keçirildiyini vurğulayıb.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər ətraflı təhlil edilib. Məlumat verilib ki, 2018-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına dair 550-dək normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 960-dan çox belə akt hüquqi ekspertizadan keçirilib. Əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına (e-qanun.az, huquqiaktlar.gov.az) müraciət edənlərin sayı 70 faizdən çox artaraq 627 minə çatıb.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 6500-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib və bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.

Eyni zamanda, notariat kontorlarını vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli asanlaşdırmaqla vətəndaşlara daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini təmin edir. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq, bir çox dövlətlər, o cümlədən cari ildə rusiyalı notariuslar müsbət təcrübəmizdən bəhrələniblər.

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində ədliyyə sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin təxminən 43 faizi bu mərkəzlərdə fəaliyyət göstərən qeydiyyat və notariat orqanlarının payına düşür.

Yüksək vətəndaş məmnunluğu doğuran "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi nəzərə alınaraq həmin mərkəzlərdə təşkil ediləcək notariat kontorlarında, habelə bölgələrdə vakant notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə avqustun 1-dən etibarən sənədlərin qəbuluna başlanılacaq.

Qeyd edilib ki, ölkə başçısının tapşırıqlarına əsasən korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətləri təkmilləşdirilərək onlardan istifadənin sayı 11 faiz artaraq 2,4 milyona çatıb.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4300-ə yaxındır, KİV-lərin sayı isə 5200-dən çoxdur.

2018-ci ilin birinci yarısında nazirliyin məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 15200-dən çox iş icra olunub, ekspertlər 618 mindən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,8 faizini həll ediblər.


Xəbərə aid foto