"Atam anamı səbəbsiz yerə döyürdü, buna görə də kişiləri sevmirdim"


Digərləri 26 İyl 2018 21:05:00 326 0

"Atam anamı səbəbsiz yerə döyürdü, buna görə də kişiləri sevmirdim"

"Təxminən on il bundan əvvəlki müddət ilə müqayisədə LGBT icması özünü daha rahat ifadə edə bilir. Bu, həm geyim, həm həyat tərzi, həm də peşə seçimində görünür", LGBT fəalı Gülnarə Mehdiyeva deyir.

Amma əlavə edir ki, bu dəyişiklər hələ ki, ancaq Bakıda müşahidə olunur.

İLGA-Europe-nın (müstəqil beynəlxalq qeyri-hökümət təşkilatı) bu ilin mayında açıqladığı hesabatında Azərbaycan, ötən illər olduğu kimi LGBT icması üçün şəraitlərə görə Avropada yenə də sonuncu yerə çıxıb.

Yaşlı nəsil həm ənənələrə uyğun, həm də sovet vaxtından formalaşmış homoseksuallığı cinayət kimi qəbul edən mövqelərini dəyişmirlər. Ailədə homoseksual uşaq varsa, imkan daxilində bu, digər qohumlardan gizlənilir, imkan olmasa isə uşaq və valideynlər qınağa məruz qalırlar, LGBT fəalları öz müşahidələrini bölüşürlər.

Bəzi cinsi azlıqlar deyirlər ki, öz seksual oriyentasiyaları ilə bağlı etiraflardan sonra valideynlərin, əsasən də anaların münasibəti dəyişir. Onlar uşağını anlamağa çalışırlar. Amma gey uşağının maraqlarını digərləri qarşısında müdafiə etmək valideyndən hələ ki həddindən artıq cəsarət tələb edir.

Amma ümumilikdə cəmiyyətin mühafizəkarlığı valideynlərə uşağını qəbul etdikdə belə, onun maraqlarını qorumağa və ya uşağına yiyə çıxmaqlarına imkan vermir, LGBT fəalları vurğulayırlar

Fəridənin hekayəsi: "Atam anamı səbəbsiz yerə döyürdü, buna görə də kişiləri sevmirdim"

21 yaşlı Fəridənin bioqrafiyasında "uğursuz nikah" da qeyd olunub. Deyir ki, bu, onun öz həyatını yaşamaq üçün ödədiyi "vergisi idi".

"Məktəbdə ikən yetkinlik dövründə qızlar oğlanlarla danışardı, bir-birilərindən xoşu gələrdi. Mən isə yalnız müəllimələrimə baxırdım - məktəbimiz təzə tikilmiş idi, müəllimələr də hamısı gənc idi. O vaxtı heç bir məlumatım yox idi, heç nəyi qanmırdım. Məktəbi bitirəndə evə kompüter alındı.

Elə o vaxtı ilk dəfə Youtube-də Rusiyanın vaxtilə məşhur qrupu olan "Tatu" qrupunun mahnısını eşitdim. Mahnının klipində iki qız öpüşürdü. Bunu görəndə təəccübləndim: deməli, mən tək deyiləm, belə insanlar da var! Axı içimdəkiləri heç yaxın dostlarıma belə deməmişdim, düşünürdüm ki, mənə xəstə kimi baxarlar.

Klipin altında şərhləri oxuyarkən "lesbiyan" sözü ilə qarşılaşdım. Google-də axtarış verdım, xeyli oxudum, icma da tapdım".

"Deyərdilər ki, qız nədir, küçə nədir?"

Fəridə ailədaxili münasibətləri xatırlayır:

"Atamla elə də aram yoxdur, oturub onunla bir kəlmə kəsim - yox, bizim ailədə beləsi yoxdur. Məktəb illərində heç vaxt küçəyə belə çıxmamışam, deyərdilər ki, qız nədir, küçə nədir? Məktəbimiz evimizin yanında idi, amma anam məni maşınla məktəbə aparıb gətirirdi.

"Kişi, məncə, çox ədalətsiz məxluqdur. Ancaq özünü fikirləşir. Çevrəmdə bütün ailələrdə qadınlar döyülür, hörmət görmürlər. Bu, ədalətsizlikdir, axı qadınla kişinin gücü eyni deyil. Atam anamı heç nədən döyürdü, biz, uşaqlar araya girəndə beş - on şapalaq da bizim payımıza düşürdü."

"18 olanda artıq bir az internetdə araşdırmalara başladım, hüquqlarım barədə oxudum. Hər-halda dövr dəyişir, insan inkişaf edir."

"Zənnimcə, anam lezbiyan olduğumdan şübhələnirdi. Yavaş-yavaş anamın reaksiyasını öyrənməyə çalışırdım. Əvvəllər homoseksuallıq haqqında eşidəndə təhqiredici sözlərdən istifadə edirdi. Amma bir dəfə "uşaqlarımın biri homoseksual olsaydı, onu öldürərdim" dedi.

"Təxminən bir il bundan qabaq LGBT icmasının sosial şəbəkədəki bir qrupunda video müsahibə vermişdim. Anam onu izləyəndən sonra otağıma gəlib telefonumu əlimdən aldı, divara çırpdı. Məni döydü, qollarım gömgöy idi. Amma ona "sənin övladınam və heç nə dəyişmir, mən, sadəcə öz şəxsi həyatımı yaşamaq istəyirəm, sənin mənimlə belə davranmaq haqqın yoxdur", dedim. Səhəri gün anamın hirsi bir qədər soyudu, ikimiz də ağladıq."

"Evdə qadın hüquqları haqqında danışırdım, anama hətta bir az olsa da feminizmi aşılamışam."

"Düzdür, mən lezbiyanlıq və feminizm anlayışları arasında bərabərlik işarəsi heç qoymuram, amma hesab edirəm ki, hər bir qadın özünə hörmət etməlidir. Bizim cəmiyyətdə isə qadınların hüquqları daimi tapdalanır, qadın özü heç bir qərar qəbul edə bilməz."

"Evlənmək üçün uyğun bir adam tapdım"

"Evdə məni çox sıxışdırırdılar, "Hara getdin?", "Nə vaxt qayıdacaqsan?" "Kiminlə söhbət edirsən?" sualları məni bezdirmişdi. Evdən çıxmaq istədim və evlənmək üçün uyğun bir adam tapdım, oğlan da homoseksual idi".

"Bu, Azərbaycanda homoseksuallar arasında yayılmış bir təcrübədir. Valideynlərin evində qalıb öz həyatını yaşaya, özünü ifadə edə bilməyən şəxs əks cinsdən homoseksual bir fərdlə nikaha daxil olmaq qərarı verir. Adətən, valideynlər bu barədə məlumatsız olurlar, xəbərləri olsa belə üstünü vurmurlar."

"Oğlanın ailəsi bundan xəbərsiz idi", - Fəridə hekayəsinə davam edir, - "Elə mənimkilər də. Təkcə anam bilirdi ki, evdən uzaqlaşmaq üçün nikaha girirəm. Atam heç bir kəlmə də demədi mənə, anam aramızda vasitəçimiz idi."

"Nə isə, anama dedim: "Hazırlaş, elçi gəlir". İnanmadı: "Sən hara, evlənmək hara!"

"Çünki uşaqlıqdan evdə qırğın-dava ab-havasını görərkən, "heç vaxt evlənməyəcəyimi" deyirdim. Atam anamı biz, uşaqların gözü qabağında döyüb, qabırğasını sındırıb.

Nə isə, toy günü, "Vağzalı"dan keçmək, toyda yanbayan oturmaq əlavə bir gərginlik idi. Bunlara necə dözdüm, bilmirəm.

20 gün evli kimi yaşadıq. Amma yoldaşımın problemləri var idi, məni evdə qapalı saxlayırdı və ailəmə "ayrılmaq istəyirəm" dedim.

Oriyentasiyam mövzusuna yenidən, "uğursuz evliliyimdən" sonra qayıtdım.

Sevdiyim qızdan ayrılandan sonra evə gəlib ağlayırdım, anam isə mənə dəstək verirdi. Özü internetdə LGBT mövzusunu araşdırıb, məlumat alıb və mövqeyini dəyişdi.

Həyatımda tək anam var, o, mənim idealımdır. Demək olar ki, müasirdi. Bacımı mənim qədər sıxışdırmırlar. Elə bil məndən sonra valideynlərimin gözü qorxub", - gülümsəyir.

"Xaricə getmək istəyirsən? Onda oxu, dil öyrən!"

Kamili ailəsində qəbul ediblər, amma bu barədə özgələrlə danışmağı sevmirlər.

20 yaşlı gənc məktəbli olarkən gey olduğunu anlayıb: "Düşünürdüm, axı niyə öz cinsimdən olanlar xoşuma gəlir? Davranışımdan orientasiyam bilinirdi. Bir dəfə məktəbdə ayaq yolunda döyülmüşəm. Məktəbin sonuna kimi məni ələ salırdılar, söz atırdılar".

Onuncu sinifdə olanda Kamil anasına etiraf etmək qərarını verib. "Yadımdadır, anamla həkimdən qayıdırdıq. Ona dedim: "Ana, sənə deyəcək vacib sözüm var". Uzaqdan başladım, təbiətdə canlılardan, heteroseksual, homoseksuallardan danışdım."

"Anam mənə "indi nə demək istəyirsən, sən də eləsən?" dedi.

"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir".

Heç nə demədi, susdu. Gözləri dolmuşdu. Bunu biruzə verməmək üçün üzünü kənara çevirdi - bu, mənə çox təsir etdi."

"Evdə bacıma dedi. O isə "Öz həyatındır, özün bilərsən" cavabını verdi."

"Üstündən bir həftə keçdi. Anam "eybi yox, evlənərsən, keçib gedər" dedi. Anamın hər axşam otaqda ağladığını eşidirdim. Atam soruşdu: "Nə baş verir?"

"Anama "sən atama demə, özüm deyəcəm" xəbərdarlığını eləsəm də, anam ona hər şeyi danışdı.

Bir müddət ailədə gərginlik yarandı.

Bir gün atam mətbəxdə olarkən mənə yaxınlaşdı və dedi: "Sən, deyəsən xaricə getmək istəyirdin?" "Bəli, istəyirəm!" - dedim.

"Onda xaricə gedib istədiyin həyatı yaşamaq üçün dil öyrən, peşə sahibi ol və rahat get", - cavab verdi. O, mənə həqiqətən də dəstək oldu.

Amma hiss edirdim ki, o da üzülür. Düzdür, xətrimə dəyən olmadı, hisslərini biruzə verməyib dərdini içində çəkirdi.