Keçmiş sevgilimin anası


Digərləri 26 İyl 2018 13:51:00 252 0

Keçmiş sevgilimin anası

Bəzən heç üzünü görmədiyimiz, səsini eşitmədiyimiz, dünya görüşündən xəbərsiz olduğumuz adamlara qeyri-adi dərəcədə hörmət edir, barəsində eşitdiklərimizə rəğmən sevgi və ehtiram duyuruq. Keçmiş sevgilimin anası da, mənim üçün belə insanlardan biridir. Onun üzünü heç vaxt görməmişəm və artıq keçmiş sevgilimin anası olduğu üçün heç vaxt da görməyəcəm. Amma o tanımadığım qadına adını eşitdiyim ilk gündən böyük sayğı duymuşam. Qızıyla tanış olduğumuz ilk dönəmlərdə bir-birimizə ailələrimiz haqda  həvəslə danışırdıq. Keçmiş sevgilim (ümumiyyətlə, bu sözdən zəhləm gedir, amma artıq həyatımda deyilsə və məni sevmədiyini düşünürsə, başqa bir ifadə də yerinə düşmür) sədaqətdən, etibardan söhbət düşəndə, anasını nümunə göstərməyi sevirdi.

O, atasının ölümündən sonra anasının ağır depressiya yaşadığını, bir neçə il keçsə də, mərhum ərini unutmadığını, məclislərə candərdi getdiyini, əvvəlki kimi bəzənmədiyini, amma buna baxmayaraq övladlarının gələcəyi üçün əzmlə çalışdığını, zəhmətdən çəkinmədiyini, narahat bir valideyn olduğunu danışardı.

Təbii ki, bu söhbətlər məni etibar və sədaqət kimi məsələlərə inandırmaq üzərində qurulardı və mən üzünü də görmədiyim bu qadına böyük heyranlıq duyardım. İnsan övladı belədir, etibara və sədaqətə daima önəm verir, bunu böyük hünər, qeyri-adi xüsusiyyət hesab edir. Nədən? Çünki çağımızda bu xüsusiyyətlər defisitdir. Bu cür nümunələr insana yaşamaq üçün stimul verir. Beləcə, mən keçmiş sevgilimin anası haqda söhbətləri eşitdikcə, onu tanımasam belə adını ehtiramla çəkir, yeri gələndə onu nümunə olaraq göstərirdim.

Keçmiş sevgilimin anası o qədər hamar həyat yolu keçməmişdi. Gənclik illərində çox sevdiyi oğlanla evlənməyinə atası icazə verməmiş, atasının məsləhəti ilə evləndiyi oğlanı sonradan çox sevmiş, sonralar məcburi köçkün həyatı, yaşamın türlü çətinliklərini görmüş, üç övlad böyütmüşdü. Ərköyün oğlanlarını, şıltaq qızını mərhum ərindən sonra düzgün istiqamətləndirmək onun üçün o qədər asan olmamışdı.

Amma qismən bacarmışdı. Məsələn, dəqiq bilirəm ki, qızına düzgün tərbiyə vermişdi. Ali təhsilli, mütaliəli, dünyagörüşlü qız övladı bir ananın ən böyük uğurudur. Çünki analar xərc çəkib təhsil verdikləri övladlarına ən bahalı əmtəə kimi baxır və onu ucuz "satmaq" heç bir valideyn üçün xoş deyil. Gələcək kürəkən bütün kriteriyaları ilə çəkilən əziyyətə dəyməlidir. Keçmiş sevgilimin bütün müsbət xüsusiyyətləri, heç şübhəsiz ki, ona anasından keçmişdi. Ümumiyyətlə, anaların qız övladları üzərində təsiri danılmazdır. Bu arada onun anası da mütaliə etməyi sevir və hətta çox qəribədir ki, nə vaxtsa mənim yazılarımı da oxuyurmuş.

Tanışlığımızdan qısa müddət sonra keçmiş sevgilimlə münasibətlərimizi rəsmiləşdirmək barədə xəyallar qurmağa başladıq. Çoxlarına məlum olduğu kimi mən artıq bir dəfə uğursuz evlilik yaşamışdım və bu evlilikdən iki övladım var. Üstəlik, kasıb, evsiz-eşiksiz, kirayələrdə ömür çürüdən sadə bir şairəm. Yəni keçmiş sevgilimə mənimlə bir ömür boyu problemlər həll etməyi, əziyyətli bir həyatı bölüşməyi, ana qayğısından məhrum qalan övladlarıma qayğı göstərməyi - bir sözlə, gənc bir qızın xəyallarına, planlarına daxil olmayan bir həyatı təklif edirdim.

Nədənsə o münasibətlərimizin başdöndürən, coşğun vaxtlarında o, bütün bunları kiçik, əhəmiyyətsiz məsələlər hesab edirdi. Bütün bunların qeyri-mümkünlüyünü çox gec anlasam da, ona bu barədə desəm də, münasibətimiz enişli-yoxuşlu ardıcıllığına davam edirdi. Və bu barədə anasıyla şəxsən danışmağımı istəyir, ona həqiqəti danışsam, bizə xeyir-dua verəcəyini, yol göstərəcəyini düşünürdüm. İş elə gətirdi ki, mən bu barədə keçmiş sevgilimin anası ilə danışa bilmədim. Bəlkə də danışsam, hər şey daha pis olar, mənim uğursuzluqlarımı üzümə vurar, üzünü görmədən sayğı duyduğum bu qadın məni incitmiş olardı. Bilmirəm, hər halda əlimdən gəldiyi qədər onun biricik qızını xoşbəxt etməyə çalışır, gələcəklə bağlı möhtəşəm planlar qururdum. Mən bacaracağıma inanırdım. Amma sən saydığını say...

Keçmiş sevgilim anasıyla danışmaq missiyasını öz üzərinə götürdü və dediyinə görə çox sərt təpkiylə qarşılaşdı. Bütün bunları təbii qəbul etdim, bir az mübarizə aparsaq, anasını sevgimizin gerçəkliyinə inandıra biləcəyimizi düşündüm. Olmadı. Heç bir gələcək vəd etməyən adamla xəyallar qurmaq keçmiş sevgilimi də yordu və məndən uzaqlaşdırdı.