Bolqarıstanın Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi nümayiş olunub (FOTO)


Digərləri 23 İyl 2018 20:41:00 228 0

Bolqarıstanın Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi nümayiş olunub (FOTO)

Bolqarıstanın Yunanıstan və Makedoniya ilə həmsərhəd Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi təşkil olunub.

Bakı. Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Milli Arxeologiya İnstitutu (Muzey ilə birgə), Petriç Bələdiyyəsi və Petriç şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Bolqarıstanın Yunanıstan və Makedoniya ilə həmsərhəd Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi təşkil olunub. Səfirlikdən Trend-ə verilən məlumatına görə, sərginin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Milli Arxeologiya İnstitutunun (Muzey ilə birgə) direktoru Ludmil Vaqalinski, Petriç şəhərinin meri Dimitır Brıçkov və onun müavinləri, şəhər İcma Şurasının sədri Qeorqi Trençev, Sandanski şəhərinin meri Kiril Kotev, Blaqoevqard vilayətinin qubernatorunun müavini Antoaneta Yançeva, Bolqarıstan Mədəniyyət Nazirliyinin “Mədəni irsin qorunmasına nəzarət” Baş Direktorluğunun direktoru Aleksandr Traykov, tarixçilər, mədəniyyət xadimləri, eləcə də yerli şəhər sakinləri iştirak ediblər. Açılışda çıxış edən N.Qurbanova sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılar və bu sahədə son inkişafa nəzər salmağa imkan yaratdığını qeyd edib: "Azərbaycan qədim insan məskənlərindən biridir və Dağlıq Qarabağda Azıx və Tağlar, Qazaxda Damcılı və Daşsalahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar bunu sübut edir". Sonda sərginin həmçinin bolqar mütəxəssislərini Azərbaycanla elmi əməkdaşlığa sövq edəcəyinə inandığını bildirilib və paytaxtlarımız arasında açılan birbaşa hava əlaqəsinin bu əməkdaşlığına töhfə verəcəyindən söz açılıb.