"Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir"


Digərləri 23 İyl 2018 18:00:00 284 0

"Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardonu qəbul edib.

Son.az xəbər verir ki, QMİ-dən Trend-ə verilən məlumata görə, Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Şeyxülislam A.Paşazadə Fransaya səfərlərini, bu səfərlər zamanı ölkənin müsəlman din xadimləri, habelə Fransa kardinalları ilə görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırlayıb, ölkə barədə təəssüratlarını bölüşüb.

Şeyxülislam ölkələrimiz arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirib.

Azərbaycan mədəniyyəti və tarixinə çox böyük maraq göstərən, Elzas regionunda Azərbaycanın təbliğində yaxından iştirak edən J.Kardon ölkəmizlə bağlı əsər yazmaq niyyətində olduğunu Şeyxülislamın diqqətinə çatdırıb. O, öz kitabında Azərbaycanda dini mühitin özəllikləri barədə fikirlərinin də yer alacağını xüsusi vurğulayıb.

QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışıb. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qaygısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir.

Şeyxülislam vurğulayıb ki, bu, bizim həyat tərzimizdir, dövlət rəhbərimizin vətəndaşlarımız üçün yaratdığı şəraitin bəhrəsidir.