Kommunal xidmətlərə dair Strateji Yol Xəritəsində tədbirlərin 55 faizinin icrası başa çatıb


Digərləri 23 İyl 2018 15:18:44 289 0

Kommunal xidmətlərə dair Strateji Yol Xəritəsində tədbirlərin 55 faizinin icrası başa çatıb

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlanıb.

Bakı. Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlanıb. Trend-in məlumatına görə, yeddi strateji hədəfdən ibarət olan bu Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 68 faizdir. Adıçəkilən strateji yol xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 55 faizinin icrası tamamlanıb, 25 faizi qismən icra edilib və 20 faizi icra edilməyib. Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi yuxarıda qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin 91 faizi icra edilib və 9 faizi icra edilməyib. Bu strateji hədəf üzrə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olan vəsaitlərdən istifadə Qaydası” təsdiq edilib. Buna müvafiq olaraq, elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödənişlərin yeni sxem üzrə avtomatik rejimdə aparılmasına başlanılıb. Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin ikinci strateji hədəfi olan “Tam şaxələndirilən və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi” hədəfinin icra səviyyəsi belə olub: 56 faiz tam icra, 36 faiz qismən icra və 18 faiz icra edilməyib. Bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası nəticəsində elektrik enerjisinə ölkədaxili ehtiyacın proqnozlaşdırılmasına dair geniş hesabat hazırlanıb və elektrik enerjisinə ölkədaxili ehtiyac proqnozlaşdırılıb. Ölkənin alternativ və bərpa olunan enerji potensialı qiymətləndirilərək, enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, enerji potensialını ümumilikdə 5540 MVt olmaqla, müxtəlif alternativ enerji növləri üzrə qiymətləndirilib. Elektrik enerjisi ixracının əsaslandırılması məqsədilə elektrik enerjisinin istehsalı üçün yanacaq və digər xərclər, gömrük xərcləri, tranzit xərcləri və bazarda iştirak etmək üçün xərclər təhlil edilib. Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf - Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması - üzrə tam icra 42 faiz, qismən icra 25 faiz olub. 33 faiz tədbir isə icra olunmayıb. Bu hədəf çərçivəsində elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Tarif dəyişikliklərinin elektrik sərfiyyatına təsirini qiymətləndirmək məqsədilə 2016-cı ilin ilk 9 ayı ilə 2017-ci ilin eyni dövrü üzrə elektrik enerjisi istehlakının səviyyəsi müqayisəli şəkildə təhlil edilib. Elektroenergetika sektorunda istehsalın, ötürmənin, paylanmanın, istehlakın, alqı-satqının və enerji bazarının hüquqi əsaslarını müəyyən edən əsas qanun olaraq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanıb. Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi olan “Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması”nın 2017-ci ilə aid tədbirlərinin 27 faizi icra edilib, 33 faizi qismən icra edilib və 40 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulan tədbirlərə uyğun olaraq qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb. “Qaz İxrac İdarəsi” üzrə qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnunluğunun artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi ilə bağlı 2017-2020-ci illəri əhatə edən 19 bənddən ibarət tədbirlər planı hazırlanıb. Ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji təminatı ilə bağlı xarici təcrübə öyrənilib.