Gürcüstanda ilk dəfə Azərbaycan və gürcü dillərində iki jurnal çapdan çıxıb FOTO


Dünya 22 İyl 2018 20:16:00 285 0

Gürcüstanda ilk dəfə Azərbaycan və gürcü dillərində iki jurnal çapdan çıxıb  FOTO

Tbilisidə Azərbaycan və gürcü dillərində ilk dəfə nəşr olunan "Şəfəq-Sxivi" və "Körük" jurnallarının təqdimat mərasimi olub.

Son.az "Report"a istinadən bildirir ki, Gürcüstan Yazıçılar Birliyində (GYB) keçirilən tədbirdə Azərbaycan və Türkiyədən yazıçılar, ictimaiyyət nümayəndələri, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

GYB-nin sədri Bağatur Arabuli Azərbaycan və Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, Tbilisidə Azərbaycan dilində belə bir jurnalların dərcini mühüm hadisə adlandırıb. Bildirib ki, GYB-də Azərbaycan bölməsinin yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, professor, yazıçı Afaq Məsudun iştirakı ilə Tbilisidə "Müasir Azərbaycan nəsr antologiyası" kitabının təqdimatının keçirilməsi, şair və yazıçıların əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. O, bu münasibətlərin daha da genişlənməsi, Azərbaycan və gürcü gənc şair və yazıçılar arasında əlaqələrin inkişaf etdirilməsi üçün layihələr hazırlandığını bildirib.

GYB-nin sədrinin sözlərinə görə, "Şəfəq-Sxivi" jurnalının ilk nömrəsində Azərbaycan yazıçıları ilə yanaşı, gürcü klassiklərindən Vaja Pşaveli, poeziya incilərindən Qalaktion Tabidze, tənqidçilərdən Zaal Borkoveli və başqalarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.


Xəbərə aid fotolar