"Səkkiz ildir bu elmi işin üzərində çalışıram"


Şou-biznes 21 İyl 2018 16:36:00 347 0

"Səkkiz ildir bu elmi işin üzərində çalışıram"

Son.az bildirir ki, xalq artisti Nazpəri Dostəliyeva aşıq sənətiylə bağlı götürdüyü elmi iş ətrafında  son günlər yaranmış ajiotajla bağlı "ölkə.az"-a müsahibə verib. 

 -  Nazpəri xanım, sizin aşıq sənətiylə bağlı götürdüyünüz elmi iş həm sosial şəbəkələrdə, həm də sosial mediada müzakirələrə səbəb olub. Bu addımınızı təqdir edənlər də var, tənqid edənlər də. İstərdim ki, öncə bu barədə danışasınız. 

 -  Əvvəlcə qeyd edim ki, iyun ayında Ali Attestasiya Komissiyası mövzunu qəbul edib. Ümumiyyətlə, istərdim oxucular bilsin ki, bu haqda hələ heç kimə heç nə deməmişəm. Bildiyiniz kimi, peşəkar səhnəyə addım atan gündən bir kəlmə demişəm ki, müəllimim də, ustadım da atam olub. Muğamları, xalq mahnılarını, aşıq musiqilərini də atamdan öyrənmişəm. Bəzən deyəndə ki, atamın məktəbini keçmişəm, ondan bəhrələnmişəm, kimlərinsə beynində xoşagəlməz fikirlər yarana bilər. Ancaq bu, faktdır. Bəli, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm, təhsil almışam, bildiklərimi püxtələşdirmişəm.  Peşəkar səhnəyə ayaq qoyan gündən ali təhsil almaq barədə düşünmüşəm və təhsil almışam. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuşam. 2009-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam. 

 -  Bəs "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusunu götürməyiniz hansı zərurətdən yarandı? Yəni, niyə məhz bu mövzunu araşdırmaq, işləmək qərarına gəldiniz?

 -  Atam dünyasını dəyişəndən sonra aşıqları layiq olmayan yerlərdə görəndə, çayxanalara getdiklərini eşidəndə bu, mənə çox pis təsir edirdi. Aşığın hansı bölgədən olmasının heç bir fərqi yoxdur. Bu, mənimçün müqəddəs sənətdir, ilk öncə ağsaqqalımın qoyduğu mirasdır. Bu, əzəli, qədimi ozan sənətidir və hər bir azərbaycanlının borcudur ki, onu qorusun və bacarırsa, inkişaf etdirsin. Düşündüm ki, əgər bütün bu proseslərin içərisindən keçmişəmsə, onun inkişafında, öyrənilməsində, aliləşməsində mənim də müəyyən qədər xidmətim olsun. Qərara gəldim ki, aşıq musiqisi orkestrlə səslənsin. Bunu sevə-sevə və ürəkdən istəyərək etdim. İstədim ki, həmin musiqini ali formada xalqımıza, dünya xalqlarına təqdim edim. Mikayıl Azaflının "Ağarma, ay saçlarım" adlı musiqisini ifa edəndə dilimizi başa düşməyən xarici dövlətlərin vətəndaşlarının gözündən yaş axdığını gördüm. Atamın ustadı Aşıq Abbas Cəyirlinin sözlərinə "Şirvan şikəstəsi" oxuyanda "Zarıncı şikəstə"nin bəzi detallarını ora əlavə etdim. Halbuki onu aşıqlardan başqa heç kim başa düşməzdi. Bu, mənim ustadlarımdan bəhrələndiyimdir. Şamaxının, Şirvan elinin məşhur saz-söz ustadları olan aşıq Abbas Cəyirli, aşıq Mahmud, aşıq Şakir Hacıyev, aşıq Bilal, aşıq Pənah, aşıq Əhməd, aşıq Şərbət, aşıq Məhəmməd, aşıq Xanış kimi ustadlardan, o cümlədən Qərb aşıq məktəbinin nəhəngləri olan aşıq Ədalət, aşıq Xanlar kimi sənətkarlardan hər zaman bəhrələnmişəm.  

 -  Yəni, demək istəyirsiniz ki, sözgedən elmi işi götürməyinizin səbəbi bu amillər olub?

 - Bəli, tamamilə doğrudur. "Ağarma, ay saçlarım"ı ifa edəndən sonra Avropada, Türkiyədə, Rusiyada verdiyim solo konsertlərdə aşıq musiqisinin sifarişini gördüm. Xahiş edirdilər ki, aşıq mahnısı ifa edim. Bunların hər biri içimdə alov, istək yaratdı. Düşündüm ki, niyə aşıq sənəti haqqında elmi iş yazmayım? Bu iş mənim beynimə o vaxtdan həkk olundu. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətimlə yanaşı, böyüklərimizin, alimlərimizin məsləhətiylə aşıq sənətiylə bağlı elmi iş götürmək qərarına gəldim. 

 -  Bu elmi işi neçənci ildə götürmüsünüz?

 -  Təxminən 2010-cu ildən bu işin üzərində çalışıram. Səkkiz ildir bu işlə məşğulam. Həm evimdə oturub işləmişəm, həm alimlərlə məsləhətləşmişəm, bu gün də araşdırmalarım davam edir. Hətta Özbəkistanda, Qırğızıstanda ozan sənətiylə bağlı araşdırmalar aparmışam. Həmçinin Şamaxıda ustad aşıqların evlərində olmuşam. Vaxt məhdudluğuna baxmayaraq, məhz bu iş üçün hara imkanım çatıbsa getmişəm, faktlar toplamışam.