Bakıda daha 1 avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb (FOTO/VİDEO)


Digərləri 21 İyl 2018 10:34:00 289 0

Bakıda daha 1 avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb (FOTO/VİDEO)

Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.

Bakı. Samir Əli - Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, bu layihələrdən birində artıq işlər tam olaraq yekunlaşdırılıb. Bu 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yoludur. Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qısa müddətə və yüksək keyfiyyətlə əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolunun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranmışdı. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Aparılan yenidənqurma işləri ilə bu problemlər artıq geridə qalıb. Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.