Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçildi


Digərləri 20 İyl 2018 14:41:00 340 0

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçildi

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XV Hesabat-Seçki Qurultayı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qurultay Dövlət himninin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ARGTMŞ sədri Seymur Hüseynov qurumun 2016-2018-ci illər üzrə hesabatını təqdim edib. S.Hüseynov qurultayda Şura sədrliyinə namizədliyini irəli sürməyəcəyini nəzərə çatdırıb, sədrliyə namizədliyi irəli sürüləcək gənclərə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev ARGTMŞ-nin son 2 ildə bir çox uğurlara imza atdığını bildirib:

"Şura Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. ARGTMŞ dövlət qurumlarının da etibarlı tərəfdaşına çevrilib, bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatları gənclərin problemlərini, mövqelərini toplamalı, ARGTMŞ-yə təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb.


Xəbərə aid fotolar