Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi layihə ilə bağlı seminar keçirilib


Digərləri 19 İyl 2018 16:38:49 192 0

Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi layihə ilə bağlı seminar keçirilib

Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi layihə ilə bağlı seminar keçirilib

Bakı. Bu gün Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi “Ümumi Tranzit Proseduru Haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Haqqında Konvensiyaya qoşulmaq üçün Dövlət Gömrük Komitəsinə dəstək” layihəsinin yekun qiymətləndirilməsi ilə bağlı seminar keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, keçirilən seminarın açılış mərasimində Komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Dövlət Gömrük Komitəsinin sədr müavinləri, Komitənin əməkdaşları və Avropa İttifaqının ekspertləri iştirak edib. Seminarın məqsədi layihənin yekunları, Ümumi Tranzit Proseduru Haqqında Konvensiyaya qoşulmazdan əvvəl qanunvericiliyin, inzibati idarəetmə və informasiya texnologiyaları imkanlarına dair layihə qrupunun hazırladığı təklif və tövsiyələrin Dövlət Gömrük Komitəsinə təqdim edilməsindən ibarət olub. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev layihənin birinci mərhələsinin başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib və ümidvar olduğunu bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələri bundan sonra daha da genişləndiriləcək. Komitə sədri Ümumi Tranzit Proseduru Haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Haqqında Konvensiyaya üzv olmaq, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlar imzaladığını və bu sərəncamların icrasını təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlandığını diqqətə çatdırıb. Qeyd edilib ki, tədbirlər planına uyğun olaraq Dövlət Gömrük Komitəsinin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birlikdə xüsusi işçi qrup yaradılıb, qanunvericilik, informasiya texnologiyalari və digər sahələrdə zəruri addımlar atılıb və Avropanın inkişaf etmiş ölkələrinin bu sahədəki təcrübəsi öyrənilib. Bu istiqamətdə göstərilən dəstəyə görə Avropa İttifaqının nümayəndəliyinin rəhbərliyinə, işçi qrupun üzvlərinə minnətdarlığını bildirən Səfər Mehdiyev, qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və növbəti mərhələdə “Tvinninq” layihəsinin icrasının da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təmsil etdiyi qurumla həyata keçirilən səmərəli və işgüzar əməkdaşlığa görə təşəkürünü bildirib.