Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur VİDEO FOTO


Dünya 19 İyl 2018 14:40:00 304 0

Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur  VİDEO  FOTO

Rusiyanın hipersəs sürətli "Xəncər" raketləri daşıyan MiQ-31 qırıcıları Xəzər dənizi akvatoriyasının üzərində növbə çəkir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən "İnterfaks"a bildiriblər.

Məlumatda deyilir ki, "Xəncər" ("Kinjal") kompleksi daşıyan qırıcılar strateji çəkindirmə tədbirləri çərçivəsində bu ilin aprel ayından Xəzər dənizi üzərində "planlı növbətçilik" həyata keçirir.

Hipersəs sürətli "Kinjal" raket kompleksi bu ilin mart ayında prezident Vladimir Putin tərəfindən ilk dəfə təqdim edilən supersilahlardan biridir. Bu, "İsgəndər" operativ-taktiki raketinin bazasında yaradılmış və 2 min kilometrdən çox uçuş məsafəli "hava-yer" tipli raketdir.

Rusiya həmin silahı təyyarədaşıyan gəmi qruplaşmasını sıradan çıxarmaq üçün işləyib hazırlayıb. Eyni zamanda raket yerüstü hədəflərə kifayət qədər uzaq məsafədən zərbə endirməyə də imkan verir və istənilən raketdən müdafiə sistemlərini dəf etmək imkanındadır. Çünki səsdən 10 dəfə iti uçur və bütün uçuş trayektoriyası boyu manevr edir. Raketin uçuş məsafəsi imkan verir ki, MiQ-31 qırıcısı rəqibin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olmadan "Xəncər"in buraxılışını həyata keçirsin və bazaya geri dönsün.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl "Xəncər" daşıyan MiQ-31 qırıcılarının Cənub Hərbi Dairəsində döyüş növbətçiliyinə qəbul edildiyini açıqlamışdı. İndi isə dəqiqləşdirilir ki, bu raketləri daşıyan qırıcılar Xəzər dənizi akvatoriyası üzərində döyüş növbətçiliyi çəkir. Lakin silahlanmaya yeni qəbul edilən bu supersilahın nədən məhz Xəzər üzərində döyüş növbətçiliyinə daxil edildiyi məlum deyil, çünki bu rayonda Rusiyanın potensial rəqibi olan ABŞ-ın təyyarədaşıyan qruplaşması mövcud deyil.

Agentliyin digər məlumatına görə "Xəncər" raketlərinin Tu-22M3 uzaq məsafəli strateji bombardmançılarında da tətbiq edilməsi məsələləri işlənib hazırlanır. Bu barədə Rusiyanın Hava Kosmik Qüvvələrinin baş komandanının müavini Sergey Dronov "İnterfaks"a bildirib.