Əmək müqaviləsi olmadan işçi çalışdıran 36 şəxs barədə məlumat Baş Prokurorluğa göndərilib


Digərləri 18 İyl 2018 14:39:00 256 0

Əmək müqaviləsi olmadan işçi çalışdıran 36 şəxs barədə məlumat Baş Prokurorluğa göndərilib

Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlər davam etdirilir.

Bakı. Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlər davam etdirilir. Proses Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən gerçəkləşdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir. Bu günədək keçirilmiş 71 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 131 hüquqi və fiziki şəxsi əhatə edib. Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 809 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb. Aşkar olunmuş faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 37 hüquqi və fiziki şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 36 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Baş Prokurorluğa yönləndirilib.