2018-ci ildə sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək (FOTO)


Digərləri 16 İyl 2018 18:39:37 313 0

2018-ci ildə sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək (FOTO)

Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin ilk 6 ayının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Belə ki, bu dövrdə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6%, bitkiçilik 14%-dən çox, yükdaşımalar 1%, informasiya və rabitə xidmətləri 4,9%, pərakəndə ticarət dövriyyəsi 2,5% artıb. 2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47% icra olunub, dövlət büdcəsinin gəlirləri 27%, xərcləri 16% artıb. Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3% artıb, inflyasiya 3% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir. Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Prezident İlham Əliyev həmçinin, sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili işlərinin davam etdirilməsi, müasir aqrotexniki texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, yeni iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının icrası, sahibkarlara güzəştli kreditlərin verilməsinin və investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə kollegiyanın sədri Şahin Mustafayev geniş məlumat verib. İqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək. Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək. Hazırda digər rayonlarda da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırıldığını vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev bu istiqamətdə işlərin sürətləndirilməsi, araşdırmaların regionların potensialı nəzərə alınmaqla coğrafiyasının genişləndirilməsi barədə nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaqdır. İclasda Şahin Mustafayev ənənəvi istehsal sahələrindən olan xalçaçılığın inkişafına İqtisadiyyat Nazirliyi tərəfindən dəstəyin gücləndirilməsi barədə göstərişlər verib. Kollegiya iclasında yerli istehsalın genişləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. Kollegiyanın sədri bildirib ki, bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir.