Bakıda 16 mərtəbəli binanın inşası dayandırıldı,


Digərləri 16 İyl 2018 15:40:00 204 0

Bakıda 16 mərtəbəli binanın inşası dayandırıldı,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, şəhərsalma və memarlıq sahələrində müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

Bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Son.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən, Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında "Fidan" Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.

"Fidan" MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan "Göstəriş" göndərilib. Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində "Fidan" MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.