Məişət Tullantılarının Yandırılması Zavodu 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin edə bilər (FOTO)


Digərləri 16 İyl 2018 10:01:00 236 0

Məişət Tullantılarının Yandırılması Zavodu 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin edə bilər (FOTO)

Məişət Tullantılarının Yandırılması Zavodu 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin edə bilər.

Bakı. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olublar. Bu barədə Trend-ə ASC-dən məlumat verilib. Qonaqlara Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub. Qonaqlar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olan qonaqlara məlumat verilib ki, zavod 2012-ci ildə alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda çeşidləmə zamanı tapılmış 1000-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.