"3 dollara görə gecə saat 2də 26 adama zəng vurduq" Səyyah FOTO


Digərləri 13 İyl 2018 23:02:00 306 0

"3 dollara görə gecə saat 2də 26 adama zəng vurduq"  Səyyah  FOTO

Əziz Şahhüseynov: "Səyahətlər zamanı qarşıma çıxan çətinliklərə macəra kimi baxıram, problem kimi yox" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İşi elədir ki, istər-istəməz tez-tez fərqli ölkələrə yolu düşür. O da bu səfərlərdən səyahətləri üçün də istifadə edir. İmkan tapan kimi olduğu yerə yaxın gəzməli, görməli məkanları axtarıb tapır, oralara baş çəkir. Hələ ki, 20 ölkəyə səfər edən, lakin planında artıq müəyyən gəzməli yerlər olan Əziz Şahhüseynovdur müsahibimiz.

- Bir paylaşımınızı oxudum, qeyd etmişdiniz ki, ümumvətəndaş pasportunda yer bitmişdi, dəyişdim. Nə qədər ölkə gəzibsiniz belə?

- Hələ ki 20 ölkədə olmuşam. Ölkə var ki, orda bir gün olmuşam, ölkə var, 17 ay, ölkə var 6 il.

- Bunlar sırf gəzmək məqsədli olmayıb yəqin ki. İşiniz də gəzməyi tələb edir?

- Bəli, işim elədir ki, istər-istəməz gəzməli oluram. Səyahətlərin bir qismi işlə bağlı olur. Həm də şənbə-bazar vaxt olanda, bir-iki günlük, yaşadığım yerə yaxın ölkələrə, şəhərlərə səfər edirəm. İşimə görə uzun müddət öncədən tətil planlayıb harasa getməyə vaxt olmur. Adətən, vaxt və imkan olan kimi ani qərarlar verib harasa gedirəm. Hazırda Bosniyada yaşayıram, işləyirəm. Bir ay əvvəl təsadüfən Bosniyada özüm üçün gözəl bir yer aşkarladım, gedib gördüm. Təsadüfən hansısa bir yer diqqətimi çəkər və mən ora səyahət edərəm.

- Yəni, işlə bağlı olsa da, özünüz də gəzməyə maraqlısınız. Bu həvəs nə vaxtdan yaranıb?

- Səyahətlərim uşaq vaxtlarımdan başlayıb.

- Ailədəkilər də səyahətə meyilli olublar?

- Bəli. İndi mən xaricdə yaşayıram, amma Azərbaycanda olanda hər yay rayonların birinə ailəvi gedirdik. Dağlıq bölgə seçirdik. Kənd olmasına və texnikanın çox olmamasına fikir verirdik. Çünki mən dərs oxuyurdum, anam da müəllimdir. İntellektual işdən beyini bir az yayındırmaq üçün təbiət qoynunda olmaq lazım idi. 2001-ci ildən başlayaraq hər il hansısa rayona gedib 1-2 həftə qalırdıq. Hər şeydən uzaqlaşırdıq. Bircə telefon olurdu, o da əlaqə saxlamaq üçün.

- Bəs, müstəqil səyahətlər nə vaxtdan başladı?

- Xaricə ilk dəfə tək çıxışım 2008-də olub. "British Council"ın bir layihəsində qalib oldum və İngiltərəyə getdim. Sonra yavaş-yavaş tək getməyə başladım.

- Getdiyiniz ölkələrdən danışaq. Hansı ölkələr səyahətçi kimi diqqət mərkəzinizdədir?

- Son iki ilə qədər Almaniyanı ciddiyə almırdım. Çünki heç vaxt təmasım olmurdu. Amma ora gedəndən sonra fikrim dəyişdi. Almanların sistemi çox xoşuma gəlir, hər şey planlıdır. Keçən il Amsterdamda bir məsələni özüm üçün dəqiqləşdirdim. İyul ayında kostyumda velosipedlə işə gedirdilər. Amma biz iyul ayında kostyumla və velosipedlə işə gedə bilmərik. Çünki oranın təbiəti elədir ki, hava yayda da sərindir, tərləmirlər. Bizdə isə hava çox isti olur, ona görə, biz onu edə bilmərik. İsveçrə çox gözəldir. Ümumilikdə, hər yerin öz gözəlliyi var, gərək onu kəşf edə biləsən. Məsələn, Praqada təsadüfən Con Lennon Divarını kəşf etdim. O haqda məlumatım var idi, amma ora getməyi məsləhət görən olmamışdı. Təsadüfən, gəzə-gəzə o divarın yanına gedib çıxmışdım. Belə xoş təsadüflər olur, halbuki, məşhur yerdir.

- İndi avtostopla səyahət edənlər çoxalıb...

- Bəli, çox gözəl üsuldur. Mən özüm avtostopla səyahət etməmişəm, amma yolda avtostopçulara maşın saxlamağa çalışıram. Normalda insanlar pul təklif etməyə razıdırlar ki, filan yerə qədər apar. Amma pul götürmürəm, deyirəm ki, danışmağa adam olsun, gəl gedək.


Xəbərə aid fotolar