ABŞAİ qarşıdurması: qlobal geosiyasətin yeni problemləri


Dünya 13 İyl 2018 17:51:00 214 0

ABŞAİ qarşıdurması: qlobal geosiyasətin yeni problemləri

Amerika Prezidenti Donald Tramp NATO sammiti öncəsi bir sıra dövlətlərin başçılarına ittihamedici məktub yazması ilə dünya siyasətini yenidən qarışdırıb.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, ABŞ dövlət başçısı öz avropalı tərəfdaşlarını qətiyyətsizlikdə, süni davranmaqda, ticari əlaqələrdə qeyri-səmimi olmaqda günahlandırıb. Buna Angela Merkel dərhal reaksiya verib. Almaniyanın kansleri cavabında bəyan edib ki, Amerika böyük bir ticari müharibənin astanasına gəlib. Buradan geriyə dönüş olmaya bilər. Mütəxəssislər A.Merkelin bu mövqeyini Aİ-nin də ticarət müharibəsinə hazırlaşması kimi qiymətləndirirlər. Digər məsələ NATO üzvlərinin hərbi xərcləri ilə bağlıdır. Amerika Prezidenti xeyli vaxtdır ki, üzv dövlətlərdən xərcləri artırmağı tələb edir. O, əsas yükün Amerikanın üzərinə düşməsinin doğru olmadığını ifadə edir. Bu istiqamətdə NATO üzvləri bir sıra addımlar atsalar da, D.Tramp gedişatdan tam razı deyil. Həmin səbəbdən də o, NATO üzvlərindən müəyyən məsələlərə əməl etmələrini tələb edir. Bu kontekstdə qlobal dünya siyasətinin mümkün təkamül ssenariləri üzərində geniş dayanmaq lazımdır.

Trampın iki tələbi: Avropa narahatlıq içində

Dünya yeni bir qalmaqalla üz-üzədir. ABŞ Prezidenti Donald Tramp Avropa ölkələri başçılarına məktub yazaraq ağır bir dillə onları ittiham edib. NATO sammiti öncəsi Amerika rəhbərinin bu davranışına reaksiya kəskin olub. Məsələ ondan ibarətdir ki, D.Tramp həm hərbi, həm də maliyyə-iqtisadi sferalarda Qərb dövlətlərinin yeritdiyi siyasəti qəbul etmir. O hesab edir ki, Avropa İttifaqı dövlətləri Amerika ilə ticari-iqtisadi münasibətlərdə sui-istifadələrə yol verirlər. Bu kontekstdə Aİ-nin özünü ABŞ-a ağır yük kimi yaradıblar.

D.Tramp konkret olaraq iqtisadi münasibətlərdə disbalansın olmasını və hərbi xərclərin qeyri-bərabər bölünməsini göstərib. Bu vəziyyətin düzəldilməsini Amerikanın dövlət başçısı Avropa ölkələrindən birbaşa tələb edib. Hətta Almaniya kansleri Angela Merkelə yazdığı məktubda sərt fikirlər səsləndirdiyi barədə informasiyalar yayılıb. Şansölye artıq buna reaksiya verib. A.Merkel xəbərdar edib ki, D.Trampın hərəkətləri böyük ticarət müharibəsinə aparır.

Maraqlıdır ki, dünya KİV-lərində bir neçə böyük dövlətin ABŞ-ın vergi siyasətinə etiraz əlaməti olaraq ortaq hərəkət etmək barədə razılığa gəldiyi haqqında da məlumatlar yer almaqdadır. Bu sıraya Yaponiya, Çin, Hindistan və Rusiya daxildir. Bütövlükdə Ümumdünya Ticarət Təşkilatına daxil olan 44 ölkə Amerikaya qarşı etiraz proseslərində iştirak etməyə qərar veriblər.

Mütəxəssislər bu gedişatı dünya səviyyəsində ciddi problemlər yarada biləcək böhranın ilk əlamətləri hesab edirlər. Onlar buraya iki məqamı da əlavə edirlər. Birincisi, dünya miqyasında ticari və maliyyə böhranının yaxınlaşdığı barədə bir sıra bankların verdikləri proqnozlardır. İkincisi, NATO-da fikir ayrılığının daha da dərinləşməsidir.

Birinci məsələ ilə bağlı Ümumdünya Bankı və Amerika Bankı öz proqnozlarını veriblər. Onlar hesab edirlər ki, 2019-cu ildən başlayaraq qlobal miqyasda iqtisadi və maliyyə vəziyyəti kəskin pisləşə bilər. Bu da dünya iqtisadi sisteminin dərin böhran keçirməsinə səbəb ola bilər. Yeni maliyyə böhranı daha geniş sayda ölkələri əhatə edər. Bunun nəticəsində ümumilikdə qlobal maliyyə sisteminin çöküşü baş verər.

NATO daxilində hərbi xərclərin artırılması da ciddi məsələ hesab olunur. Bu, faktiki olaraq Qərb təhlükəsizlik sisteminin çöküşünə apara bilən proses təsiri bağışlayır. Belə ki, söhbət Avropa ölkələrinin Amerikadan asılı olmayan müdafiə-təhlükəsizlik sistemi qurmasından gedir. Artıq bir neçə NATO dövlətinin ayrıca silahlı qüvvə yaratmaq qərarına gəldikləri haqqında informasiyalar yayılır. Onların sırasında Fransa, Almaniya və Böyük Britaniyanın da adları çəkilir.

Yeni yaradılmalı olan hərbi strukturu Avropa Ordusu adlandırırlar. Bu, üzv dövlətlərin hər birində baş verə biləcək hərbi proseslərə çevik müdaxiləni nəzərdə tutan mobil qruplaşma kimi təsəvvür olunur. Aparıcı qüvvələr kimi isə Almaniya və Fransa düşünülür. Mütəxəssislər vurğulayırlar ki, kansler A.Merkelin son zamanlar tez-tez "biz artıq təhlükəsizliyimizi ABŞ-a etibar edə bilmərik" fikrini vurğulaması məhz həmin məsələ ilə bağlıdır. Lakin avropalılar hələlik konkret addımlar atmayıblar. Əvəzində, onlar ABŞ-Rusiya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı narahatlıq keçirirlər.

Məsələ D.Tramp və V.Putinin iyulun 16-da Finlandiyada görüşə biləcəkləri ilə bağlı yayılan informasiyalarla əlaqəlidir. Avropalı mütəxəssislər hesab edirlər ki, əgər iki böyük dövlət razılığa gələ bilsələr, onda Aİ olduqca mürəkkəb geosiyasi vəziyyətə düşəcək. Faktiki olaraq Brüssel öz təhlükəsizliyini özü təmin etməli olacaq. Eyni zamanda, dünyada geosiyasi balans ciddi surətdə dəyişikliyə uğraya bilər. Çünki burada faktiki olaraq geosiyasi proseslərin Qərb qanadının çöküşündən söhbət gedir. O halda Rusiya və Çinin qlobal geosiyasətdəki statusunun da yeniləşməsi istisna edilmir. Ən azından onlar həm ABŞ, həm də Aİ üçün daha əhəmiyyətli gücə çevrilirlər. Bunun praktiki nəticələri üzərində ekspertlərin ciddi düşünməsi lazım gələcək.