Masazırda "yezid" peyda olub?


Digərləri 13 İyl 2018 17:35:00 317 0

Masazırda "yezid" peyda olub?

Abşeron rayonu Masazır kənd sakini Vüsal Əliyev Son.az-a müraciət edərək "Azərsu" ASC-dən şikayət edib. Onun sözlərinə görə, artıq 2 həftədir ki, kəndin bir hissəsinə su verilmir.

"İsti yay günlərində hərə bir cür sərinlik axtarır. Kimi çimərliyə üz tutur, kimi dağ rayonlarına, kimi də sadəcə gündə bir neçə dəfə duşun altında sərinləməklə. Amma biz iyulun 45 dərəcəlik istisində əlimizi yumağa su tapmırıq. Susuzluqdan ağaclar qurumağa başlayıb. Özü də bu nə hansısa əyalət qəsəbəsində baş verir, nə də ucqar kənddə. Bakının 20 Yanvar dairəsindən 15 dəqiqəyə qət etmək mümkün olan Məsazırın bəzi məhəllələrində artıq 15 gündür ki, su verilmir. Masazır əhli 15 gündür susuz qalıb. "Azərsu" bizə zülm edir... Abşeron Rayon Sukanal İdarəsinə də, "Azərsu"yun "Qaynar xətti"nə dəfələrlə olunan müraciətlər də bəhrəsini verməyib. Sukanal İdarəsindən bildirirlər ki, borularda təzyiq kifayət qədər deyil. Xırdalandakı idarədən isə bizə belə dedilər: "Noolub eee?! İmamlar da su tapmayıb da. Səbr eləyin də". Bizi insan yerinə qoymaq istəmirlər. "Qaynar xətt" isə sadəcə camaatı yola verir.

Camaat sözün əsl mənasında hər gün zülm çəkir. Nizami Gəncəvi, Rafiq Dünyamalıyev, Niyazi, Hüseyn Cavid küçələrində artıq 15 gündür ki, su borularına 1 damla da olsun su vurulmayıb. Məcburiyyət qarşısında qalan sakinlər suyu maşınlarla gətizdirib doldurur çənlərə. Fürsəti fövtə verməyən belə avtomobil sahibləri isə bir reysin qiymətini qaldırıb ediblər 50 manat.


Xəbərə aid fotolar