"İkinci əl" bazarda komfortlu maşın qıtlığı var


Digərləri 13 İyl 2018 05:30:00 326 0

"İkinci əl" bazarda komfortlu maşın qıtlığı var

Ekspert qiymət artımını bu səbəblə əlaqələndirir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda ildən-ilə avtomobillərə tələbat çoxalır. Artan maraq təbii ki, maşınların qiymətinə də təsir edir. Son günlər "ikinci əl" avtomobillərin qiymətində artım müşahidə edilir. Bu artımın səbəblərini və nə vaxta qədər davam edəcəyini öyrənməyə çalışdıq.

"Vip Escort MMC"nin bas direktoru, avtoekspert Rəşad Quliyev vəziyyətin yay mövsümü boyunca, yəni sentyabrın sonuna qədər davam edəcəyini deyir: "İkinci əl avtomobil bazarında, xüsusilə də dizel avtomobillərdə müəyyən qədər də olsa qiymət artımı var. Çünki gözlənti var idi ki, yanacağın qiyməti qalxdıqdan sonra dizelin də qiyməti qalxacaq. Amma gözləntilər olmadı. Ona görə də hər kəs dizellə işləyən maşınlara üstünlük verdi. Digər tərəfdən, mövsümlə əlaqədar olaraq minivanlarda satış qiyməti qalxdı. Burada söhbət başqa model avtomobillərdən də gedə bilər. Amma real olaraq turistlərin qarşılanması, onların ölkə ərazisində gəzdirilməsində minivanlardan daha çox istifadə edilir. Xüsusilə də "Mercedes Vito, Viano V, Klass sprinter kimi modellərə daha çox üstünlük verilir. Ona görə də bu vaxtlarda onların qiymətində artım müşahidə olunur. Bu vəziyyət yay mövsümü boyunca, yəni sentyabrın sonuna qədər davam edəcək". 

Müsahibimiz bu halın normal olduğunu, hər mövsüm belə artımın baş verdiyini deyir: "Keçən il aksizlərdə, bu il isə gömrük rüsumunda olan artımlar istər-istəməz maşın bazarına təsirsiz ötüşmür. Əslində, maşın bazarında qiymətlər heç vaxt düşmür. Müəyyən aylarda durğunluq müşahidə olunur, amma ucuzlaşma olmur. Gömrük rüsumlarına gəlincə, təbii ki, azalmadan söhbət gedə bilməz. Amma önümüzdəki aylarda qalxma da gözlənilmir. Azərbaycan artıq maşın istehsalı sahəsində də kifayət qədər uğur qazanıb. Yavaş-yavaş maşın idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilir. Ona görə maşın bazarında da qiymətlərdə ucuzlaşma gözlənilən deyil. Bəlkə rüsumlarda azalma olarsa, avtomobillərin də qiyməti aşağı düşər. Bu da cüzi miqdar olacaq, elə də ciddi qiymət dəyişikliyi olmaz".