Bilik Fondu ibadət ocaqlarına kitablar hədiyyə edir (FOTO)


Digərləri 12 İyl 2018 16:13:00 298 0

Bilik Fondu ibadət ocaqlarına kitablar hədiyyə edir (FOTO)

Dini məbədlərin kitablarla təmin olunması milli-mənəvi və dini dəyərlərin qorunmasına təkan verir

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri bilik mənbəyi olan kitaba marağın artırılması, əhaliyə mütaliə mədəniyyətinin aşılanmasıdır. Bununla bağlı mütəmadi olaraq “Ev kitabxanası”, “Məscid kitabxanası”, “İmzalı görüş” layihələri, “Oxuyaq və oxudaq” aksiyaları həyata keçirilir, kitabsevər ailələrə, dini məbədlərə, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət və iaşə obyektlərinə kitablar hədiyyə olunur. Trend-in məlumatına görə, Bilik Fondu 2015-ci ildən başlayaraq, “Dini maarifləndirmə” layihəsi çərçivəsində məscidlərin, kilsə və sinaqoqların dini və dünyəvi ədəbiyyat nümunələri ilə təminatı missiyasını uğurla davam etdirir. Fond tərəfindən ibadət ocaqlarına xalqımızın həyat tərzinə çevrilmiş multikulturalizmi və tolerantlığı, dövlətlə din arasında sivil münasibətləri, ölkəmizdə bərqərar olmuş dini həmrəyliyi təbliğ edən, milli-mənəvi və dini dəyərlərimizdən bəhs etməklə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət göstərən müxtəlif növ nəşrlər hədiyyə edilib. Məscidlərə verilən bütün kitablar Azərbaycan Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına uyğun olaraq nəfis tərtibatla nəşr edilmiş, yüksək poliqrafik keyfiyyətdə işıq üzü görmüş və və yüksək dini qurumlar tərəfindən tövsiyə olunmuş çap məhsullarıdır. “Məscid kitabxanası” təkcə dindarlar üçün deyil, hər bir kitabsevərin üzünə açıqdır. Fəaliyyətə başladığı dövrdən Bilik Fondu “Məscid kitabxanası” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələri əhatə olunmaqla şəhər, qəsəbə və kəndlərdə yerləşən 50-dən çox dini məbədə 2500-dən çox kitab hədiyyə edib. Bunların arasında abadlaşdırılmasında Fondun iştirak etdiyi Bərdə İmamzadə Kompleksi, ərazisi Fondun dəstəyi ilə müxtəlif etnik qrupları təmsil edən gənclər tərəfindən yaşıllaşdırılmış Zaqatala rayonunun Əliabad qəsəbə Məscidi, Bakı şəhərinin Fatmayı, Mehdiabad, Nardaran, Sahil, Lökbatan, Buzovna, Müşfiqabad, Səngəçal qəsəbə məscidləri, Şamaxı Cümə Məscidi, Ağdaş, Göyçay, Tərtər, Cəlilabad, Qobustan, Astara, Masallı, İsmayıllı, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən şəhər məscidləri, Cəlilabad rayonunun Cocuq Mərcanlı, Beyləqan rayonunun Qaralar, Astara rayonunun Pensər və Şiyəkaran, Lənkəran rayonunun Cil, Masallı rayonunun Hişkədərə, Siyəzən rayonunun Zarat, İsmayılli rayonunun Lahıc, Zaqatala rayonunun Yuxarı Tala, İsmayıllı rayonunun Qubaxəlilli, Quba rayonunun Pirvalid kənd məscidləri də var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən Bilik Fonduna təqdim edilən və dini məbədlərə hədiyyə olunan kitablar xüsusi maraqla qarşılanır. Layihə şərti olaraq “Məscid kitabxanası” adlandırılsa da, kitab hədiyyə edilən dini məbədlər sırasına Quba rayonu Qırmızı qəsəbədəki Giləki və Altı günbəz sinaqoqları, Qəbələ rayonu Nic qəsəbəsinin Cotari Alban-Udi kilsəsi, Oğuz rayonunun Yəhudi sinaqoqu da daxildir.