PAŞA Bank: Bazarda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqinə başladıq


Digərləri 12 İyl 2018 14:27:00 344 0

PAŞA Bank: Bazarda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqinə başladıq

Bazarda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqinə başladıq

Bakı. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycan bazarında yeni alət -təchizat zəncirinin maliyyələşdirilməsi məhsulunu sahibkarlara təqdim edir. Yenilik haqqında daha ətraflı məlumat almaq və bu məhsulun ənənəvi kreditləşmədən fərqinin nədən ibarət olduğunu bilmək üçün biz PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkoya müraciət etdik. Trend həmin müsahibəni diqqətinizə çatdırır. - Təchizat zəncirinin maliyyələşdirilməsi nə deməkdir? Bu məhsul faktorinqdən (debitor borcunun maliyyələşdirilməsindən)nə ilə fərqlənir? - Bildiyiniz kimi, 2016-cı ildə bizim faktorinq adlı ənənəvi məhsulumuz bazara buraxılmışdır. Bankımızın 2018-2020-ci illəri əhatə edən strateji dövr üçün portfelinin inkişaf etdirilməsi çərçivəsində biz təchizat zəncirinin maliyyələşdirilməsini fəal inkişaf etdirmək niyyətindəyik. Bura faktorinq alətləri, digər məhsullar, eləcə də bəzi modifikasiyalar daxildir. Bu modifikasiyalar təkcə bilavasitə müştəridən deyil, həm də təchizatçıdan mal alan alıcıdan ibarətdir. Burada belə bir üçbucaq yaranır: təchizatçı, alıcı və faktor (yəni, bank). Burada hər üç tərəf təchizat zəncirinin maliyyələşdirilməsindən qazanc əldə edir. Bu konsepsiya son zamanlar bütün dünyada yayılmış və sürətlə inkişaf etməkdədir. Ümumi dünya meylləri göstərir ki, yaxın 3-5 il ərzində bu məhsul inkişaf etməkdə davam edəcəkdir. Təchizat zəncirinin maliyyələşdirilməsi həm alıcılar, həm də təchizatçılar üçün dövriyyə kapitalının maliyyələşdirilməsinin effektiv alətidir. Bizim halımızda alıcı (topdan alıcı, ticarət agenti və s.) daha kiçik təchizatçılardan məhsul alan daha iri korporativ müştərilərdir. Bu məhsul ondan ibarətdir ki, həm alıcı, həm də təchizatçı (satıcı) əməliyyat pul axınını effektiv idarə etmək imkanına malik olur. Bizə müraciət edərkən satıcının vəziyyətini aşağıdakı kimi təsvir etmək olar: onun debitor borcu var, məhsul satışından alacağı pulu ən azından 30-60 gün gözləməlidir. Banka təqdim etdiyi hesab-faktura (invoys) vasitəsilə və ya müqavilə ilə müraciət etdikdə, o, ən qısa müddətdə pulunu alır və öz növbəsində debitor borcunu azaldır. Satıcı öz kreditor borcunun (bankın alıcının əvəzinə ödədiyi vəsait) müddətini də artıra bilir. Artıq o, borcu təcili ödəməli deyil. Biz ona bu ödənişi etmək üçün daha çox vaxt təklif edə bilirik. Beləliklə, PAŞA Bank-a müraciət edən müştəri lazım olan pulu dərhal ala bilir, eyni zamanda, borcu ödəmək üçün vaxt qazanır. - Məhsulun ənənəvi kreditləşmədən fərqi nədən ibarətdir? - Bu konsepsiyada hər iki tərəf faydalanır: təchizatçı müraciət etdiyi vaxt pulunu alır və kreditor borcunu ödəmək üçün maksimal müddətə vaxt qazanır. Bu maliyyələşmənin təbiətindən irəli gələrək, biz alıcı ilə təchizatçı arasında olan qarşılıqlı münasibətləri yaxşı başa düşürük və onlara daha sürətli qərarlar qəbul etməyi təklif edirik. Bu, risklərin sadəcə klassik qiymətləndirilməsi deyil, yəni klassik kredit xəttində müştərinin maliyyə-əməliyyat biznes modeli, pul axını proqnozu, borc yükünün tarixçəsi ətraflı nəzərdən keçirilirsə, bizdə sadəcə alıcı ilə təchizatçının qarşılıqlı münasibətləri, işin keyfiyyəti, biznesin artım potensialı nəzərdən keçirilir və bu, bizə 3-5 gün ərzində maliyyələşdirmə üzrə limit müəyyənləşdirmək üçün qərar qəbul etmək imkanı verir. Bu üçbucaq çərçivəsində və biznesin qarşılıqlı əlaqəsi və təbiətindən irəli gələrək, biz şəffaf mənzərə yaradırıq və qısa bir zamanda biznesi maliyyələşdirə bilirik. Eyni zamanda məhsulun üstünlüyü onun şəffaf təbiətindən irəli gəlir. Biz alıcı ilə təchizatçının qarşılıqlı münasibətlərini nəzərə alır və qərar qəbul edərkən daha iri alıcıların olduğu münasibətlərə üstünlük veririk. Burada yarana biləcək kredit riski prinsip etibarilə alıcının bu ödənişi vaxtında həyata keçirməməsidir. Təchizat zəncirinin maliyyələşdirilməsinin ənənəvi kreditləşmədən növbəti bir üstünlüyü - girovsuz kreditləşmədir. Klassik anlamda işlədiyimiz bazarda adətən avtomobillər, daşınmaz əmlak, aktivlər və s. mütləq banka girov qoyulur. Girovsuz kreditləşmə müştəriyə daha əlverişlidir: bizdə girov kimi gələcək pul axını xidmət edir, mahiyyət etibarilə bu, debitor borcunun girovudur. Hazırda biz dünyada, eləcə də Azərbaycanda baş verən rəqəmsallaşma meyllərini müşahidə edirik və bu öz növbəsində ölkədə iş şəraitini xeyli dərəcədə asanlaşdırmağa imkan verir. PAŞA Bank olaraq biz qeyd edə bilərik ki, hazırda bizim müştərilər daha az tezliklə filiallarımıza gəlir, daha az sənəd toplayır və vaxtlarına qənaət edib bir çox bank xidmətlərini İnternet Bank platforması vasitəsilə həyata keçirir. Bizim bütün xidmətlər müştərilərin işini asanlaşdırmağa yönəldilib, onların bankla olan əlaqələrini azaltmağa çalışırıq. Planımızda ilin sonuna qədər İnternet Bankın yeni versiyasını işə salmaq nəzərdə tutulub. Bu platformada kredit üçün müraciətlər, kreditin verilməsinin nəzərdən keçirilməsi prosesi, informasiya və sənəd mübadiləsi limitlərinin müəyyən edilməsi və digər proseslər rəqəmsal formatda həyata keçiriləcək. Bütün bunlar müştərinin kredit almaqla bağlı bankla işini xeyli asanlaşdıracaq. - Təchizat zəncirinin maliyyələşdirilməsi məhsulunun inkişaf etdirilməsi Banka nə verəcək? - Hər şeydən əvvəl, burada bizim müştərilərimiz - kiçik və orta sahibkarlar üçün üstünlüklərimiz var. Belə ki, potensial müştərilərimizin əsas hədəf qrupu – ölkəmizdə bir qayda olaraq iri biznes üçün mal və xidmətlər təklif edən təchizatçılardır. Adı qaydada əldə edilən kredit, kredit xətti açmaq üçün banka müraciət edən müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi, sənədlərin toplanması və başqa müvafiq proseduraların aparılması müəyyən vaxt tələb edir. Təchizat zəncirinin maliyyələşdirilməsi məhsul isə adi kreditləşmədən fərqli olaraq, o qədər də sənəd tələb etmir, çünki PAŞA Bank olaraq biz dövriyyənin hər hansı rəsmi hissəsini görürük, biz müştəriyə verə biləcəyimiz limiti müəyyənləşdirir, bu limit çərçivəsində müştərinin maliyyə vəziyyətinin dərindən araşdırılması, qiymətləndirilməsi tələb olunmur. Proqram üzrə kreditin ödənilməsinin əsas mənbəyi alıcının banka ödəyəcəyi debitor borcdur.