"Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyirlər"


Digərləri 11 İyl 2018 20:35:00 278 0

"Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyirlər"

Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyirlər.

Son.az bildirir ki, bunu Trend-ə yazıçı-publisist, "Olaylar" İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz deyib.

Y.Oğuz bu günlər ölkədə, xüsusilə Gəncə şəhərində baş verən hadisələrə toxunaraq cərəyan edən proseslərin heç də təsadüfi olmadığını diqqətə çatdırıb:

"Burada xarici qüvvələrin də əli var. Eyni zamanda daxildə də bəzi şəxslərin və qrupların bu hadisələrdə marağı var. Həmçinin xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qrant alaraq ölkəmizə qarşı çıxanlar bu proseslərdə maraqlıdırlar. Bu hadisələrin baş vermə zamanı da kifayət qədər diqqət çəkir. Belə ki, TAP və TANAP-ın özülü qoyulur, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi möhtəşəm şəkildə qeyd edilir. Eyni zamanda Azərbaycan qaz ehtiyatlarının xarici bazarlara çıxarılmasında aparıcı mövqeyə sahib olan ölkəyə çevrilir. Bu zaman da Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyir, dövlətimizi Suriyaya çevirməyi hədəfləyirlər. Yəni bütün bunlar qabaqcadan düşünülmüş, planlaşdırılmış hadisələrdir".

Baş redaktor əlavə edib ki, bu hadisələr Gəncə yox, başqa bir şəhərdə baş verə bilərdi: "Tamamilə mümkün idi. Amma ssenari Gəncə üçün qurulmuşdu. Guya bu da dinlə bağlıdır. Əslində burada heç bir din amili yoxdur. Sadəcə 150-200 nəfər kəsici-deşici alətlərlə küçələrə çıxaraq polisə hücum edib və iki polis zabitimizi qətlə yetirib. Bunların əsas məqsədi ölkədə xaos yaratmaq idi. Ancaq cəmiyyətimiz hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin yanında oldu və onu müdafiə etdi. Ölkədə xaos, anarxiya yaratmaq istəyənlərə fürsət vermədi, onlara dəstək nümayiş etdirmədi".

Y.Oğuz bu günlərdə Ələkrəm Hümbətovun sosial şəbəkə üzərindən müraciət edərək Gəncədə dövlətçilik əleyhinə çıxanlara dəstək nümayiş etdirməsinə də münasibət bildirib: "Sosial şəbəkədə həmin müraciətlə tanış oldum və gəldiyim nəticə ondan ibarətdir ki, deməli, ilanın quyruğu görünür. Yəni, Azərbaycana qarşı qurulan oyun haradan qaynaqlanır, harada hazırlanır. Əslində bu ssenari bir neçə ölkədə hazırlanır. Məqsəd də Azərbaycana zərbə vurmaq, onu inkişafdan saxlamaqdır. Məlumdur ki, gələn ilin əvvəlindən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə artıq sərnişin daşınmasına da start veriləcək. Paralel olaraq oradan Naxçıvana da dəmir yolu xətti çəkilməlidir. Bundan başqa, İranla Cənub dəhlizi açılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın inkişafını istəməyən qüvvələri bütün bunlar ciddi şəkildə narahat edir və bu yolla ölkəmizi zəiflətməyə çalışırlar. Ona görə də hər birimiz dövlətimizin yanında olmalı, onu xaos, anarxiyadan qorumalıyıq.