Hərbi alyanslar və kollektiv təhlükəsizlik: NATOnun sammiti öncəsi düşüncələr


Dünya 11 İyl 2018 18:18:00 319 0

Hərbi alyanslar və kollektiv təhlükəsizlik: NATOnun sammiti öncəsi düşüncələr

Dünyanın ciddi təhlükələrlə üz-üzə qaldığı barədə indi yazmaq və danışmaq bir dəbdir. Məsələ həqiqətən aktualdır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, ancaq adətən müzakirə olunan aspektlərdə deyil, daha ciddi müstəvidə. Çünki real olaraq dünyanın təhlükəsizliyini təmin etmək modeli kökündən yanlış görünür. Burada geosiyasi korporativ maraqlara üstünlük verildiyi hiss edilir. Böyük dövlətlər özlərinə yaxın ölkələrlə birlikdə müəyyən hərbi alyanslar yaradır, ancaq bütün dünyanın maraqları adından danışırlar. Bu sırada NATO və KTMT-nin fəaliyyəti diqqəti daha çox çəkir. Doğrudanmı bu alyanslar fərq qoymadan dünyanın hər bir dövlətinin təhlükəsizliyini təmin edə bilərlər? Doğrudanmı onlar ədalətli surətdə haqqı nahaqdan ayıra bilirlər və ya heç olmasa ona cəhd edirlər? Təcrübə bu kimi suallara cavab verməyin çətin olduğunu göstərir. Çünki ortada xeyli sayda şübhələr vardır. Bu kontekstdə NATO-nun növbəti sammitindən nələr gözləmək olar? Qoyulan suala qlobal geosiyasətin reallıqları müstəvisində necə cavab vermək mümkündür? Məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Maraqların toqquşması: hərbi bloklaşmanın işığında

Şimali Atlantika Alyansının sammiti öncəsi mütəxəssislər, ümumiyyətlə, qlobal təhlükəsizliyin aktual problemləri haqqında fikirlər ifadə edirlər. Maraqlıdır ki, artıq müzakirə bütövlükdə hərbi alyansların lazım olub-olmadığı kontekstində aparılır. Əvvəllər aksiom kimi qəbul edilirdi ki, dünyada təhlükəsizliyi təmin etmək üçün çoxlu sayda dövlətlərin hərbi ittifaqını yaratmaq gərəkdir. Belə görünür ki, bu yanaşmadan imtina mərhələsi ya başlayıb, ya da daha uzağı görən Qərb siyasi-analitikləri artıq bu məsələni gündəmə gətirirlər. Bizcə, çox haqlıdırlar. Yalnız hər hansı hərbi alyansın taleyi baxımından deyil (onlar daha çox NATO-nu nəzərdə tuturlar), bütövlükdə bu tip hərbi ittifaqların bəşəriyyətin təhlükəsizliyinə hansı faydanı verməsi aspektində də haqlıdırlar.

Əlbəttə, bu problemə nəzəri yanaşma ilə praktiki, yaxud real siyasi mühitin özəllikləri arasında xeyli fərq ola bilər. Məsələn, Qərb dövlətləri bəyan edirlər ki, Çin və Rusiya onların özlərinə və dostlarına təhlükə yaradırlar. Deyək ki, Baltikyanı ölkələr və Polşa daim bu barədə danışırlar. Qafqaz istiqamətində Rusiyanın hərbi addımlarını da təhlükə kimi təqdim edirlər. Mərkəzi Asiyada isə Çin, Rusiya, İran, ABŞ arasında gərgin geosiyasi-hərbi mübarizə gedir. Bunlara terror təşkilatları yaradıb, müəyyən ölkələrin dövlətçiliyinə təhlükələr yaratmaq cəhdlərini də əlavə etmək gərəkdir.

Müxtəlif regionlarda özünü göstərən konkret münaqişələr də hərbi alyansların yaradılmasını sanki zərurət kimi ortaya qoyur. Yaxın Şərqdə müsəlman dövlətlərinin belə bir alyans yaratmasına bütün İslam aləmi çox sevinərdi. Çünki daim kənardan hərbi təhlükələr olduğunu, dünyanın böyük dövlətlərinin ya terror təşkilatları yaradıb İslam adından dağıdıcı fəaliyyət göstərmələrini, ya da utanmadan "ən müasir silahlarımızı Suriyada sınaqdan keçiririk" kimi militarist bəyanatlar verməkdən çəkinməmələrini adi şüur belə dərk edir. Onda buna qarşı birgə mübarizə aparmaq kimi bir fikrə hər bir müsəlman sevə-sevə razı olar.

Amma maraqlıdır ki, müsəlman dövlətlərin heç bir real hərbi alyansı yoxdur. Bəlkə də bu, strateji aspektdə üstünlükdür. Ancaq indiki dövrdə hərbi alyanslara ABŞ başda olmaqla Qərb dövlətləri və Rusiya başda olmaqla postsovet məkanının bir qrup dövləti sahibdirlər: NATO və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı). İndi mütəxəssislər də məhz bu iki alyansın qarşılıqlı münasibətləri kontekstində sualı belə qoyurlar: bu cür hərbi qruplaşma qlobal təhlükəsizliyi təmin etməyə faydalıdırmı? Bütövlükdə dünya belə hərbi təşkilatlardan xilas olsa daha yaxşı vəziyyət yaranmazmı?

Doğrudan da maraqlı və aktual sualdır. Həm də ona görə ki, bizim regionda özünü göstərən bir sıra neqativ geosiyasi-hərbi proseslər alyanslararası mübarizənin birbaşa nəticəsi kimi görünür. Məsələyə Rusiya-Gürcüstan və Ermənistan-Azərbaycan münasibətləri kontekstində baxaq.

Rusiya Gürcüstanın iki bölgəsini zəbt edib və burada hökmranlığını davam etdirir. Abxaziya və Cənubi Osetiyada Moskvanın hər şeydən öncə hərbi varlığı mövcuddur. Bu şəraitdə Kreml KTMT-dəki müttəfiqlərindən tələb edir ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanısınlar. Onlar da, Belarus və Ermənistan da daxil olmaqla, bunu etmək istəmirlər. Çünki özlərinin təhlükəsizliyini düşünürlər. Ermənistan isə əsl həyasız mövqe tutub. O, KTMT-yə üzv olan ölkələri Azərbaycana qarşı müharibəyə səsləyir. Bəzən onları təhrik etməyə çalışır.

Bəşəriyyətdə sülh: səmərəli model mövcuddurmu?