Azərbaycan "Qlobal İnnovasiya İndeksi"ndə yüksək yer tutdu


Digərləri 11 İyl 2018 18:01:00 369 0

Azərbaycan "Qlobal İnnovasiya İndeksi"ndə yüksək yer tutdu

Azərbaycan 126 ölkəni əhatə edən və ABŞ-ın Kornel Universitetinin, Fransanın INSEAD Biznes Məktəbinin, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan "Qlobal İnnovasiya İndeksi - 2018"də bir sıra bloklar üzrə yüksək yerlər tutub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2018-ci ilin Qlobal İnnovasiya İndeksi (Qİİ) ardıcıl iki subindeksin ortalama göstəricisindən ibarətdir: "İnnovasiya resursları" subindeksi cərəyan edən innovasiya proseslərini beş qrupa bölərək (1 - institutlar; 2 - insan kapitalı; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı; 5 - biznesin inkişafı) milli iqtisadiyyatın elementlərini qiymətləndirməyə imkan yaradır. "İnnovasiya nəticələri" subindeksi iki qrup üzrə (6 - texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı; 7 - kreativ fəaliyyətin yaradıcılığı) innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir".

Bildirilib ki, ümumiyyətlə, sözügedən reytinq 82 indikator əsasında tərtib olunub ki, onlar sadalanan 7 qrup xarakteristikanı özündə daşıyan innovasiya fəaliyyətinin çərçivəli şərtlərini, potensialı və məhsuldarlığı əhatə edir: "Təhlil edilən 82 indikatora patentlərə, mobil əlavələrə və digər əqli mülkiyyət obyektlərinə verilmiş tələbnamələrin sayından tutmuş təhsilə və elmi tədqiqatların nəticələrinə yönəlmiş xərclərin miqdarına qədər geniş məlumatlar daxildir. Bazarın inkişafı, infrastruktur və biznes məsələləri də bu indikatorda xüsusi yerə malikdirlər".

Qİİ-nin əsas məqsədi innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərin qiymətləndirilməsi üçün imkanların yaradılmasıdır. Qİİ - 2018 lideri İsveçrədir, sonra Niderland, İsveç, Böyük Britaniya və Sinqapur gəlir. Ən innovasiyalı ölkələr onluğuna, həmçinin ABŞ, Finlyandiya, Danimarka, Almaniya və İrlandiya daxildilər.