Yeni Yasamalda bu küçə vətəndaşların istifadəsinə verilib


Digərləri 11 İyl 2018 16:43:59 249 0

Yeni Yasamalda bu küçə vətəndaşların istifadəsinə verilib

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri artıq tam olaraq yekunlaşdırılıb.

Bakı. Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri artıq tam olaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə yenidənqurma işləri yüksək keyfiyyətlə aparılıb. Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı müterial tökülüb kipləşdirilib. Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.) bərpa olunub, yeniləri çəkilib və ya yolun hərəkət hissəsindən kənarlaşdırılıb, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılıb. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulub. Ümumilikdə sadalanan işlər çərçivəsində küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 110 ədəd yeni baxış qapaqları qoyulub. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdiriliv. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılıb. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.