Gələn ilin aprelində Bakıda Avropa Regional Forumu keçiriləcək


Digərləri 11 İyl 2018 13:17:00 191 0

Gələn ilin aprelində Bakıda Avropa Regional Forumu keçiriləcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bakı. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb. Nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti Yoakim Bröyer arasında keçirilən görüşdə nazir Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan nailiyyətlər barədə məlumat verib. S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial təminat sisteminin mütərəqqi beynəlxalq təcrübə, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi və şəffaflaşdırılması, passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunması və özünüməşğulluq proqramının icrası istiqamətində aparılan işləri qeyd edib. Nazir əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlarda mötəbər beynəlxalq qurumlardan biri olan, dünyanın 159 ölkəsinin sosial təminat sahəsi ilə bağlı 320-dən çox qurumunu ətrafında birləşdirən BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. S.Babayev ötən dövrdə Azərbaycanın BSTA ilə fəal əməkdaşlığının göstəricisi kimi ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini, Assosiasiyanın bir sıra tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdırıb.