Əfqanıstanda insanı öldürə bilən


Digərləri 10 İyl 2018 23:35:00 265 0

Əfqanıstanda insanı öldürə bilən

Bir neçə il bundan əvvəl, mənə təhqiqat poeziyası adlandırıdığımız çox qeyri-adi bir layihə üzərində işləmək üçün kinematoqraf və fotoqraf Seamus Murphy ilə Əfqanıstan boyunca səyahət etmək kimi nəhəng bir imtiyaz qismət olmuşdu.

Qaçqın düşərgələrində və ucqar kəndlərdə, toylarda və hətta azı bir at fermasında biz landay adlanan xalq şeirlərini toplayırdıq. Landay pəştular arasında azı min il ağızdan qulağa ötürülən beytlərdir.

Elə ki, bacılar bir yerə yığıldılar, qardaşlarını tərifləyirlər, elə ki qardaşlar bir yerə yığıldılar, bacılarını kiməsə satırlar.

Anonim

Landayların mənşəyini heç kim bilmir, amma belə bir rəvayət var ki, bu sərrast balaca şeirləri min il əvvəl karvanlarla bu əraziyə gəlmiş hind-ari tayfaları ünsiyyət forması kimi yaradıblar.

Bunların tarixi İslamaqədərki dövrə gedib çıxır. Formaca landaylara ən yaxın olan ikimisralıq slokas adlı şeirlərdir. Bu şeirlər qədim hinduların müqəddəs kitabı Vedalarda yer alıb.

Landayın çox az qaydaları var. Orjinal pəştu dilində onun hər beytində 22 heca olmalıdır: 9 birincidə və 13 ikincidə.

Bu misralar "ma" və ya "na" ilə bitməlidir. Onlar beş əsas mövzudan birində olmalıdır - "Mina" (sevgi), müharibə, vətən, biltun (hicran) və nəhayət ğəm (qəm). Lakin buradakı qəm ümumən kədər mənasında deyil. Bu yalnız pəştu qadınına xas olan məxsusi bir qəmdir.

Elə bizi bu layihəyə gətirən də qəm olub.

Eliza Griswold gizlicə şeirlər yazan gənc qadınla 2012-ci ildə Gereşkdə görüşüb

Bu, valideynlərinin ona şeir yazmağı qadağan etdiyinə görə özünü öldürmüş bir qadının hekayətidir. Bu hadisə bizim üçün müasir Əfqanıstanda mürəkkəb qadın və poeziya dünyasına bir pəncərə oldu.

Yasaq eşq

Rahilə Muska adının pəştu dilində mənası "sevgi təbəssümü"dür və bu, əslində şairənin təxəllüsüdür. O bu təxəllüslə hələ yeniyetməliyindən müharibənin xaraba qoyduğu Helmand əyalətindəki ucqar Gereşk qəsəbəsində şeirlər yazardı.

Əfqanıstanda qızlar və qadınlar poeziyanı mahnı və rəqsə, bəzən isə fahişəliyə bağlayırlar. Mənim 2015-ci ildə tərtib etdiyim "Mən dünya dilənçisiyəm" adlı topludakı landayda söhbət "qodardan" yəni qadınların toplaşdığı çay kənarından gedirdi. Kişilər üçün qodara getmək qadağandır, lakin yollarını bu yerdən salan gənc kişilər sevdikləri qızlara oğrun-oğrun baxmağa macal tapırlar.

Qızım, Amerikada çaylardan su axmır ki,

İnternetdən doldururlar qızlar kuzəni...

Mərhum şairə Rahilə Muskanın valideynləri onun Gereşkdəki məzarına baş çəkirlər. Onlar qızlarının şeir yazdığını inkar edirlər

Poeziyanın eyş-işrətlə bağlılığına görə çox vaxt valideynlər qızlarına şeir yazmağı qadağan edirlər. Muska belə qızlardan biri idi. O həm də Əfqanıstanda hər 10 qızdan səkkizi kimi şəhərdə yox, 34 kənd əyalətindən birində yaşayırdı.

Bir gün Muska evdə radioya qulaq asırdı. Radioda Mirman Bahir cəmiyyətindən danışırdılar. Bu Əfqanıstanda qadın haqları uğrunda mübariz siyasətçi Sahirə Şərifin yaratdığı ədəbiyyat cəmiyyətidir. Şərif bu cəmiyyəti yaradıb ki, paytaxt Kabulda müxtəlif peşə sahibi olan qadınlar bir araya gəlib şeir və hekayələrini oxusunlar.

Lakin Mirman Bahirin həqiqi dahiyanəliyi onun Rahilə Muska kimi qızlarla əlaqə yaratmaq yanğısı və yenilikçi cəhdləridir. Bu təşkilat bir növ poeziyanın qaynar xəttidir. Bu mobil xətlə qızlar zəng edə, öz şeir və hekayətlərini pərəstişkarlardan ibarət daha geniş qrupa çatdıra bilərlər.

Şərif və başqa üzvlər öz şeirlərini də paylaşır və radioda işləyirlər. Onlar eyni zamanda qaynar xəttin telefon nömrəsini də yayırlar ki, qızlar onları tapa bilsinlər.