Müəllimlərin işə qəbulu müsabiqəsinə 46 mindən çox namizəd buraxılıb


Digərləri 10 İyl 2018 19:30:00 232 0

Müəllimlərin işə qəbulu müsabiqəsinə 46 mindən çox namizəd buraxılıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu zamanı qeydiyyatdan keçən 50 697 nəfər namizədin ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra onların arasından 46 757-nin ərizəsi qəbul olunub.

Bakı. İlhamə İsabalayeva – Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu zamanı qeydiyyatdan keçən 50 697 nəfər namizədin ərizələrindəki göstəricilər araşdırıldıqdan sonra onların arasından 46 757-nin ərizəsi qəbul olunub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndəriləcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.