11 vəkil haqqında intizam icraatı başlandı, Fuad Ağayevə töhmət verildi


Digərləri 10 İyl 2018 17:35:00 281 0

11 vəkil haqqında intizam icraatı başlandı, Fuad Ağayevə töhmət verildi

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunmuş, vəkil qurumları tərəfindən təqdim olunmuş, növbətçilik cədvəlləri təsdiq edilib.

Daha sonra, vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunub, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq "vəkil kabinetində" fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunub, bununla bağlı qaydaların hazırlanması və təsdiq edilməsi qərara alınıb.

Bundan başqa, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə vəkil Ağayev Fuad Arif oğluna töhmət verilb.