Xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktik konfrans keçirilib (FOTO)


Digərləri 10 İyl 2018 17:00:15 220 0

Xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktik konfrans keçirilib (FOTO)

Bu gün “Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda Bakı Biznes Mərkəzində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə “Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi ilə tanış olublar.

Bakı. Bu gün “Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda Bakı Biznes Mərkəzində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə “Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi ilə tanış olublar. Trend-in məlumatına görə, sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli və koloritli xalça nümunələrini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” peşə bayramı təsis edilib. “Azərxalça” ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalat­xananın tikintisi həyata keçirilir.