“Nissan” bəzi məlumatların saxtalaşdırıldığını etiraf etdi


Dünya 09 İyl 2018 20:45:00 285 0

“Nissan” bəzi məlumatların saxtalaşdırıldığını etiraf etdi

Yaponiyanın "Nissan Motor Co" avtomobil istehsalçısı əməkdaşları tərəfindən minik avtomobillərində havaya tullantıların səviyyəsi və yanacaq sərfiyyatının effektivliyi ilə bağlı məlumatların saxtalaşdırıldığını etiraf edib.

Son.az APA-ya istinadən xəbər verir ki, şirkət daxili yoxlamalar nəticəsində "Nissan"ın Yaponiyadakı 5 müəssisəsində saxtalaşdırma faktları ilə bağlı məlumatlar aşkarlanıb. "Burada söhbət Yaponiyada satılan 900 ədəddən çox minik avtomobilindəki göstəricilərdən gedir", - deyə "Nissan"ın yaydığı məlumatda qeyd edilir.

Bu, artıq son bir il ərzində "Nissan" şirkəti ilə bağlı yaranan ikinci qalmaqaldır. Belə ki,  2017-ci ilin sentyabrında avtomobil istehsalçısı Yaponiya müəssisələrində məhsulun təhlükəsizliyinə nəzarət zamanı qeydə alınan pozuntuları etiraf edib. Nəticədə şirkət 3 il ərzində Yaponiyada satılan demək olar ki, 1,1 milyon ədəd avtomobili geri çağırmalı olub.

"Nissan"ın bəyanatında deyilir ki, şirkət əməkdaşları havaya atılan tullantıların və texniki baxışın final mərhələsində avtomobilin qənaətcilliyi barədə olan göstəricilərinin nəticələrini dəyişdiriblər. Bildirilib ki, 2013-cü ildən bu yana "Nissan"ın Yaponiyadakı əksər zavodlarında məlumatlar saxtalaşdırılıb.