Ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 240 mln. dollar olub


Digərləri 09 İyl 2018 17:47:00 281 0

Ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 240 mln. dollar olub

Azərbaycan-İsveçrə əlaqələri inkişaf edir

Bakı. Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” abidəsi önünə əklil qoyub. Trend-in məlumatına görə, sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirak edir. Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və digər tədbirlər keçirilir, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. 2019-cu ilin əvvəlində İsveçrədə Komissiyanın VIII iclasının keçiriləcəyi gözlənilir. Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycan bankçılıq və maliyyə sahəsində SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə isə Azərbaycana 730 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə 1,2 mlrd. dollar investisiya yatırıb. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir. Bu il də artım tendensiyasi davam edir və bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 80%-dən çox artıb. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi tərəfindən İsveçrəyə təşkil olunmuş ixrac missiyası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın fındıq məhsullarının İsveçrəyə ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu sahədə Azərbaycanın potensialı böyükdür və ölkəmiz əsas fındıq ixracatçılarındandır. Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, İsveçrə şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər. Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, əczaçılıq və tibb xidməti, tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, iş adamları arasında əməkdaşlığın təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.