Başı üzərindən qara yellər əsən qadın


Digərləri 08 İyl 2018 22:27:00 264 0

Başı üzərindən qara yellər əsən qadın

Onu görəndə ürəyimdə düşünmüşdüm ki, bu qədər acılar yaşayan, ağır xəstə olan, kimsəsiz qalan qadın necə gülümsəyə bilir?

"Dərd insanı ya öldürür, ya dəli edir, ya da keyidir" deyirlər. Mən onu görəndə ürəyimdə düşünmüşdüm ki, bu qədər acılar yaşayan, ağır xəstə olan, kimsəsiz qalan qadın necə gülümsəyə bilir? Bir qədər söhbət edəndən sonra anladım ki, dərd insanı həqiqətən də keyidirmiş...

Onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuş Sosial Sığınacaqda tanış olmuşdum. Adı Tükəzban olsa da, hamı ona Tünzalə deyirdi. 60 yaşlarında olan bu qadın ağır xəstə idi, güclə danışırdı.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, özünü bir qədər ələ alıb həyatından hissə-hissə olsa belə, yadında qalanları mənə danışır: "Mən də hamı kimi ailə qurmuşdum. Bədbəxt idim, yoxsa xoşbəxt, bax, onu deyə bilmərəm. Bir evim, ailəm, 3 oğlum var idi. Amma bir gün qara yel əsdi başımın üstündən, payızda yarpaqlar tökülən kimi, olanlarım töküldü torpağa".

Tükəzban Əliyeva 3 övladını və həyat yoldaşını itirdikdən qardaşına sığınıb. Amma qardaşının uşaqları ilə yola gedə bilməyib: "İncidirdilər məni. Axırıncı dəfə qardaşımın qızı ilə dava edib evdən çıxdım. Bir müddət küçələrdə qaldım. Sonra bir kişi mənimlə maraqlandı və məni sığınacağa gətirdilər".

Tükəzban xanım deyir ki, başına min cür bəla gəlsə də, ruhdan düşməməyə çalışır: "Bir neçə il əvvəl yoldaşım dünyasını dəyişdi. Amma həyatdan qorxmadım, çünki 3 oğlum vardı. Hamısını da böyütmüşdüm. Kiçiyinin 27 yaşı var idi. Düşünürdüm ki, oğullarıma sığınıb, ömrümü başa vuracağam. Amma heç nə düşündüyüm kimi olmadı"...

Göz yaşlarını saxlaya bilməyən qadın hıçqıra-hıçqıra danışmağa davam edir: "Əvvəlcə ortancıl oğlum xəstələnib dünyasını dəyişdi. Heç bilmirəm ki, necə oldu. Bir də gördüm, xəstədir, bir də gördüm, yoxdur oğlum. Dərd dərdi çəkir deyirlər. Sonra böyük oğlumu itirdim. Ən kiçik oğlum isə il yarım əvvəl avtomobil qəzasına düşərək vəfat etdi".