Azərbaycanda şəkər xəstələrinə dövlətin verdiyi dərmanlar kəskin azaldıldı


Digərləri 07 İyl 2018 22:50:00 394 0

Azərbaycanda şəkər xəstələrinə dövlətin verdiyi dərmanlar kəskin azaldıldı

Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölşən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.

Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını ala bilir.

Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır.

Son.az medicina.az-a istinadən bildirir ki, artıq 2 aydır ki, pulsuz diabet dərmanları və insulinin verilməsində ciddi problemlər yaşanır. Redaksiyamıza daxil olan şikayət, sosial şəbəkələrdə getdikcə artan rəylər, statuslar, həmçinin saytın əməkdaşının ailə üzvlərinin də analoji problemlə üzləşməsi onu deməyə əsas verdi ki, Azərbaycanda diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz dərmanlarla təminatında ciddi  problemlər var.

1-Dərmanlar gecikir, ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğuna çatışmır. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirir.  

2-Dərman dozalarında azalma var: 2 qutu insulin alan xəstəyə 1 qutu, 2 qutu preparat alana biri verilir. Elə xəstələr var dərman ümumiyyətlə çatmır.  

3-Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər - striplər əvvəllər az da olsa verilirdi. İndi xəstə aptekdən Saphire adlı test qutusunu 12-13 manata almalı olur. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanan aparatlara yalnız bu testlər uyğundur. Bir müddət əvvəl bu striplər apteklərdən yoxa çıxır, sonradan gətirildikdə isə qiymət 8 manatdan 12-13 manata qaldırılıb.

Pasiyent şikayəti:

Nəsimi rayon, 5 saylı poliklinikada həkim Elnarə Muradova dövlətin şəkər xəstələri üçün ayırdığı insulin və dərmanı azaldıb, dərman yoxdur deyərək, 2 insulin yazılmış xəstəyə birini verir. Həkimə deyəndə ki, bu xəstəyə bir insulin azdır, o çox doza qəbul edir. Deyir ki, yox, dozanı özüm qərarlaşdırıram. Bundan sonra bir qutu veriləcək. Digər xəstəyə də 2 qutu dərman əvəzinə birini yazmışdı, onu da yarımçıq vermişdilər. Sözüm odur ki, bu qadın dövlətin ayırdığı insulini, dərmanları öz bildiyi kimi ayırır, qeyri-qanuni yollarla xəstələrə haqqını vermir. Səhər 7-dən növbə tutan xəstə, yaşlı insanlar dərman yoxdur sözünü eşidən kimi şəkərləri qalxır. İnsulinin biri aptekdə 25 manatdır. Bu insulin necə olur aptekə gedib çıxır? Camaatın haqqı olan dərmanı verməyib, apteklərdə satdırırlar.