Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya yatırıb


Digərləri 07 İyl 2018 19:37:00 254 0

Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya yatırıb

İqtisadiyyat naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini, əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan və Rusiya Federasiyası arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 170-ə yaxın sənəd imzalanıb.

Hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirən nazir Ş.Mustafayev Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarından çox investisiya yatırıldığını qeyd edib: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ildə davam edir, bu ilin 5 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 24 faizə yaxın artıb. Rusiyanın Sankt-Peterburq və Həştərxan şəhərlərinə ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri öz məhsullarını Rusiyada keçirilən sərgilərdə "Made in Azerbaijan" brendi işə nümayış etdiriblər. Həştərxanda "Azərbaycan İş Mərkəzi"nin açılması iş adamları arasına əlaqələrin genişlənməsində mühüm addımdır. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, kənd təsərrüfatı, ticarət, əczaçılıq, turizm və s. sahələrdə əlaqələr inkişaf edir və əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür".

Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Nəqliyyat-tranzit əməkdaşlığından danışan Şahin Mustafayev bu sahədə Şimal-Cənub dəhlizinin və Samur çayı üzərində tikilən körpünün əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, iki ölkə təhsil sahəsində də sıx əməkdaşlıq edir. M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir.