Mayk Tayson Azərbaycana gəlir


Digərləri 05 İyl 2018 22:31:00 468 0

Mayk Tayson Azərbaycana gəlir

Dünya şöhrətli amerikalı boksçu Mayk Tayson Azərbaycana gəlir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "Qadzilla" şirkətinin rəhbərinin köməkçisi Vüqar Həsənov məlumat verib.

"Biz dünyaca məşhur idman simalarını Azərbaycana gətirəcəyik. Məqsədimiz tanınmış idman simalarını ölkəyə gətirməklə yanaşı, Azərbaycanı da dünyaya daha da tanıtmaqdır" - V.Həsənov bildirib.

Onun sözlərinə görə, Taysonu Azərbaycana gətirmək də belə bir zərurətdən yaranıb:

"O, istənilən bir ölkəyə getsə, kimliyindən və peşəsindən asılı olmayaraq hər kəs onunla görüşüb, ən azı şəkil çəkdirmək istəyəcək. Biz də şirkət olaraq belə məşhur simaları Bakıya gətirərək onlarla fanatlarını görüşdürməyə çalışacağıq. Taysonun Bakıya gətirilməsi fikri də şirkətin rəhbəri Emil Əmiraslanova aiddir. Əminliklə deyə bilərəm ki, Mayk Taysonu görmək üçün qonşu ölkələrdən də gələnlərin sayı az olmayacaq".

"Bundan başqa, məşhur qaydasız döyüş ustası Roys Qreysi də bu yaxınlarda Bakıya gələcək. Bu idmançıya da maraq böyükdür və Dağıstan, Rusiya, Qazaxıstan, İrandan tədbirdə iştirak etmək istəyənlər var. Düşünürük ki, Mayk Taysonun da tədbirində bu cür olacaq" - deyə V.Həsənov əlavə edib.